abs k

ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı hazırlamaq imkanını nəzərdən keçirdiyini ehtimal edir.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” (WP) ABŞ administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Konqresə təqdim edilən məxfi sənədlərdə Səudiyyə Ərəbistanının nüvə silahı proqramını inkişaf etdirmək ehtimalını istisna etmədiyi bildirilir.

Bu məlumat ABŞ Prezidenti Donald Trampın krallığın dinc nüvə proqramına dəstək barədə imzaladığı sazişlə bağlı bəzi konqresmenlərin narahatlığını artırıb. Onların fikrincə, razılaşma Ər-Riyadın nüvə başlığı hazırlamasına şərait yarada və Yaxın Şərqdə silahlanma yarışına səbəb ola bilər.

Demokrat konqresmenlər hesab edirlər ki, uranın 20 faizədək zənginləşdirilməsinə imkan verən saziş radioaktiv materialların bir hissəsinin hərbi məqsədlərə yönəldilməsi riskini yaradır.

Hazırda ABŞ Konqresi sazişlə bağlı 90 günlük qiymətləndirmə aparır. Nəticədən asılı olaraq, razılaşmanın qarşısını alan qanun layihəsi qəbul edilə bilər.

Qeyd edək ki, iyulun 22-də ABŞ Energetika Nazirliyi Vaşinqton və Ər-Riyad arasında Səudiyyə Ərəbistanının dinc nüvə proqramına dəstək haqqında uzunmüddətli saziş imzalandığını açıqlayıb.

Daha sonra Tramp bildirib ki, sazişin təsdiqlənməsi Səudiyyə Ərəbistanının İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim razılaşmalarına qoşulmasından tamamilə asılıdır.

Paylaş: