Bakıda dərmanlanmış çiyələk yeyən qadının bədəninin ağır allergik reaksiya verməsi ictimaiyyətdə narahatlıq doğurub. Sosial şəbəkədə yayılan görüntülər qida təhlükəsizliyi məsələsini gündəmə gətirib.
İnsan çiyələkdən belə vəziyyətə düşə bilərmi? Dərmanlanmış məhsullar ziyanlıdırsa, niyə bazara çıxarılır, istehlakına şərait yaradılır?
Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bu məhsullarin təbii yetişmə dövründən əvvəl satışa çıxarıldığını qeyd edib:
“Deməli, həmin məhsullar süni iqlim şəraitində yetişdirilib. Bu şəraitdə yetişdirilmə zamanı məhsullara müxtəlif qatqılar, stimullaşdırıcı vasitələr və gübrələr tətbiq olunur. Məhsullara həm zərərvericilərə qarşı dərmanlar vurulur, həm də daha uzun müddət saxlanılması, keyfiyyətini itirib xarab olmaması üçün müxtəlif vasitələrdən istifadə edilir. Bəzi məhsullar isə genetik modifikasiya olunaraq müəyyən temperatur şəraitində daha uzun müddət saxlanıla bilir. Bütün bunlar məhsulların keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə dəyişdirir”.
Adil Qeybulla
A.Qeybullanın sözlərinə görə, zərərvericilərə qarşı istifadə olunan bəzi maddələr insan orqanizmi üçün toksik təsir göstərə bilər:
“Bu səbəbdən erkən yetişdirilmiş və vaxtından əvvəl satışa çıxarılmış məhsulları istehlak edən insanlarda allergik reaksiyalara daha çox rast gəlinir. Bu maddələrin uzunmüddətli təsirləri barədə də narahatlıqlar var. Sərbəst radikalların orqanizmdə yığılması, hüceyrələrə və genetik materiala təsir göstərməsi gələcəkdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Ona görə də insanlar bir qədər səbirli olmalı, mövsümündən əvvəl bazara çıxarılan məhsulları seçərkən daha diqqətli davranmalıdırlar”.
Qida üzrə mütəxəssis Ağa Salamov isə bildirib ki, qida zəhərlənmələri müxtəlif yollarla baş verir:
“Bunlardan kimyəvi və bioloji zəhərlənmələri qeyd etmək olar. Kimyəvi zəhərlənmələr əsasən pestisidlər və digər kimyəvi maddələrlə bağlı olur. Məsələn, fermerlərin və ya kəndlilərin dərmanlama zamanı normadan artıq dozadan istifadə etməsi sonradan ciddi problemlərə səbəb ola bilir. Bundan əlavə, istehlakçının aldığı meyvə-tərəvəzi yuyulmadan istehlak etməsi də risk yaradır. Bəzən deyirik ki, uşaqlıqda torpaqdan çıxan meyvələri yuyulmadan yeyirdik və heç nə olmurdu. Ancaq meşədə bitən məhsulla bu gün istixanalarda və ya xüsusi təsərrüfatlarda yetişdirilən məhsullar arasında ciddi fərq var. Meşədə bitən məhsul dərmansız olur, öz mövsümündə yetişir. Belə məqamda ən pis halda insan hansısa mikrob və ya bakteriya səbəbindən xəstələnə bilər. Amma mədəni şəkildə yetişdirilən məhsullar müxtəlif dərmanlama mərhələlərindən keçir”.
A.Salamov qeyd edib ki, zərərvericilərə, həşəratlara, alaq otlarına qarşı, məhsulun vaxtında yetişməsi, rəng alması və məhsuldarlığın artırılması üçün pestisidlərdən və digər kimyəvi vasitələrdən istifadə olunur:
“Təəssüf ki, bəzi hallarda maariflənmə səviyyəsi aşağı olan fermerlər dozaya düzgün riayət etmirlər. Bu isə qida zəhərlənmələrinə gətirib çıxarır. Eyni zamanda qarpız və digər məhsullarda nitrat səviyyəsinin yüksək olması da zəhərlənmələrə səbəb ola bilər.
Ağa Salamov
Bəzi hallarda qida allergiyası da qida zəhərlənməsinin bir növü kimi özünü göstərə bilir. İnsanlar hansı məhsullara qarşı allergiyalarının olduğunu bilməlidirlər. Allergiyası olan şəxslər çiyələyi və ya digər allergik reaksiya yarada bilən məhsulları məhdud miqdarda qəbul etməlidirlər. Hətta bəzi hallarda həkim nəzarəti altında istifadə etmək daha məqsədəuyğundur”.
Mütəxəssis əlavə edib ki, meyvə-tərəvəzlərin düzgün yuyulması da vacibdir:
“Məhsulların müəyyən müddət suda saxlanılması, yaxşı təmizlənməsi lazımdır ki, üzərindəki çirk, toz və kimyəvi maddələrin qalıqları mümkün qədər aradan qaldırılsın. İstehlakçılara məhsul seçərkən diqqətli olmağı tövsiyə edirəm. Xüsusilə çiyələk alarkən onun ölçüsünə, saplağına və ümumi görünüşünə fikir vermək lazımdır. Adətən daha kiçik ölçülü çiyələklər meşə çiyələyinə daha yaxın hesab olunur, daha ətirli və dadlı olur”.
Zaira Akifqızı
Globalinfo.az
