Avstraliya, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və Fransa İsrailin maliyyə naziri Betsalel Smotriçə qarşı sanksiyalar tətbiq edib. Nazir İordan çayının qərb sahilində zorakılığı təşviq etməkdə ittiham olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jean-Noel Barro sosial şəbəkə hesabında məlumat verib.
Barro bildirib ki, Fransa qərb sahilində törədilən zorakılıq hallarında iştirak edən dörd məskunlaşma hərəkatı liderinin və 21 sakinin ölkəyə girişinə qadağa qoyub. Oxşar hədəfli sanksiyalar digər müttəfiq ölkələr tərəfindən də tətbiq edilir.
Fransa tərəfi sanksiyaları Smotriçin siyasi fəaliyyəti və ictimai çıxışları ilə əsaslandırıb. Rəsmi açıqlamada qeyd olunur ki, İsrailin maliyyə naziri Betsalel Smotriç İordan çayının qərb sahilinin ilhaqını açıq şəkildə dəstəkləyir və yeni yəhudi məskənlərinin salınmasını təşviq edir.
Paris həmçinin hesab edir ki, Smotriçin siyasəti Fələstin Muxtariyyətinin iqtisadi vəziyyətini daha da ağırlaşdırır və fələstinli əhali üçün ciddi mənfi nəticələr doğurur.
Fransalı diplomatın sözlərinə görə, bu siyasət beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti üçün qəbuledilməzdir. O vurğulayıb ki, bir çox ölkələr münaqişənin iki dövlət prinsipi əsasında həllinə sadiq qalır.
Qeyd edək ki, Betsalel Smotriç İsrailin Baş naziri Benyamin Netanyahunun əsas siyasi müttəfiqlərindən biri hesab olunur.
Əliyar Xəlil
Globalinfo.az