8205e333 a742 48d3 812f 26071c261f70

Ötən gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yaxınlığında gəmidə baş verən yanğının İranın hücumu nəticəsində meydana gəldiyinə dair iddialar yayılıb. Lakin rəsmi Tehran bunu təkzib edib və əsas günahkarın qanunsuz hesab edilən gəmilərin keçidinə şərait yaradan ABŞ olduğu vurğulanıb.

Digər tərəfdən, ABŞ kəşfiyyatının İranın nüvə proqramı ilə bağlı yayımladığı məlumat narahatlıq doğurub. Kəşfiyyat son hücumlar nəticəsində İranın nüvə silahı əldə etmək üçün lazım olan ehtiyatlarına ciddi zərər dəymədiyini açıqlayıb. İddialara görə, hazırkı vəziyyətdə İranın nüvə silahı əldə etməsi 9-12 ay çəkə bilər. Bu məlumat ABŞ-ın yenidən hücuma keçmə anonsu kimi dəyərləndirilib.

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, İran ABŞ və İsrailin fevralın 28-də başlayan hücumlarına tab gətirdi, aprelin əvvəlində isə tərəflər arasında atəşkəs əldə olundu:

“Lakin bu, tam atəşkəs deyildi, İsrail xüsusilə Livan cəbhəsində müəyyən hərbi nailiyyətlər və mühüm irəliləmə əldə etdi. Atəşkəs dövründə İranın Hörmüz boğazından keçidi bağlamasına cavab olaraq ABŞ-ın bu ölkənin sahillərini bütövlükdə blokadaya alması danışıqlarda Tehran üzərində təsir yaratmaq üçün idi. Lakin İran bu təzyiqə də məhəl qoymadı. Digər tərəfdən, danışıqların gedişində sülh üçün şərtlərini xeyli yumşaltdı.

Məsələn, İran təqdim etdiyi ən son 14 maddəlik planında ABŞ-la Hörmüz üzərində nəzarət mexanizmini müzakirə edə biləcəyini, uran zənginləşdirməsini qarşıdakı 15 ildə 3,6%-ə endirəcəyini və zənginləşdirilmiş uranı saxlamayacağını bəyan edir, hətta sonrakı mərhələdə Yaxın Şərqdə ümumi təhlükəsizlik məsələlərində də danışaraq anlaşma əldə edilə biləcəyini vurğulayırdı. Lakin bu, ABŞ-ı, o cümlədən Prezident Donald Trampı qane etmədi. ABŞ maksimalist yanaşmasından geri çəkilmək istəmir, yaxud İranın vədinə güvənmir və nüvə təsislərinin tamamilə sökülməsi, zənginləşmiş uranın tam təhvil verilməsi tələbinin üzərində dayanır. Odur ki, sülh danışıqlarının fayda vermədiyi, atəşkəsin uzadılmasının da eynilə faydasız olduğu tərəflərə aydındır. Nəticə olaraq isə BƏƏ istiqamətində atəşkəs pozuldu”.

sehla celilzade e1755003028631
Şəhla Cəlilzadə 

Siyasi şərhçi bildirib ki, aprelin əvvəlində əldə olunan razılaşmaya əsasən ABŞ-ın Yaxın Şərqdəki tərəfdaş ölkələrinə də hücumlar dayanmışdı:

“BƏƏ bu hücumu İranla əlaqələndirdi, Ərəb Liqası Baş katibi müvafiq hücumu qınayan bəyanat yaydı, Körfəz ölkələri BMT TŞ-yə qətnamə layihəsi hazırladıqlarını bəyan etdilər. Lakin Tehran bu hücumu törətmədiyini iddia edir. Bununla belə, ABŞ artıq İranın kiçik qayıqlarına hücumlara start verib. Başqa sözlə, hərbi əməliyyatlar gedərək aktivləşir.

Prosesin qarşısı alınmaz və İran sülh şərtlərini qəbul etməzsə, genişmiqyaslı müharibənin yeni mərhələsi başlana bilər. Bu fonda İranın nüvə silahı əldə etmək uğrunda çalışmalara davam edəcəyi ehtimal olunur. Belə ki, nüvə əsas çəkindirmə gücüdür. Lakin bu güc məsuliyyətsiz dövlətlərin əlində olarsa, nüvə apokalipsisi yarana bilər. İranın bu gücə sahib olmaması üçün ABŞ və İsrailin bütün yollara əl atacağı, hətta son çarə olaraq qeyri-strateji taktiki nüvə silahından istifadə belə edəcəyi – fəlakət ssenarisi olsa da – ehtimallar arasında yer alır. Qeyd edim ki, ABŞ-ın ən kiçik nüvə başlığı Xirosimaya atılan bombanın 2%-i gücündə, ən güclüsü isə (B-83) Xirosimaya atılandan 80 dəfə güclüdür. Başqa sözlə, müharibənin yenidən alovlanması fəlakət ssenarilərinin reallaşmasına gətirib çıxara bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: