Azərbaycanda nikah sayı tarixi minimuma düşüb. Belə ki, 2011-ci ildə 88 min 145 nikah qeydə alındığı halda, ötən il bu göstərici 48 min 546 olub. Bu isə o deməkdir ki, son 15 ildə nikahların sayı 2 dəfəyə yaxın azalıb. Bu ilin ilk 2 ayında isə əhalinin hər 1000 nəfərinə nikahların sayı tarixi minimuma, yəni 3,2-yə enib. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayına görə Azərbaycan Avropa ölkələri arasında son sıralarda yer alır.
Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, Azərbaycan cəmiyyətində nikaha münasibət dəyişir:
“Bunu rəqəmlər də açıq şəkildə göstərir. Bu, tək bir səbəblə izah olunmur, bir neçə amil üst-üstə düşür və nəticədə gənclər evliliyə əvvəlki kimi tələsmir. Əvvəla, müasir həyat tərzi prioritetləri dəyişib. Gənclər əvvəlcə təhsil, karyera, maddi sabitlik qurmaq istəyir. Evlilik isə artıq “ilk addım” yox, daha çox “sonrakı mərhələ” kimi görülür. Bu da nikaha daxil olmaq yaşını artırır və ümumi sayın azalmasına gətirib çıxarır. İkinci mühüm faktor sosial şəbəkələrdir. Bugünkü gənc münasibətləri real həyatdan çox, idealizə olunmuş görüntülər üzərindən qiymətləndirir. Sosial mediada həm münasibətlər, həm də həyat tərzi “mükəmməl” görünür. Bu isə real ailə həyatına qarşı gözləntiləri artırır, bəzən isə “əgər belə olmayacaqsa, heç başlamayım” tipli qorxu yaradır. Nəticədə qərar vermək çətinləşir. Digər tərəfdən, məsuliyyətdən qaçmaq meyli də açıq hiss olunur. Ailə qurmaq artıq təkcə sevgi yox, ciddi öhdəlik deməkdir. Ailə maddi təminat, sabitlik, kompromis, səbr tələb edir. Bəzi gənclər bu yükü götürməyə hazır olmadığını düşünür və daha az məsuliyyət tələb edən həyat tərzinə üstünlük verir”.
Razi Nurullayev
Deputat bildirib ki, bu məsələdə iqtisadi faktorları da unutmaq olmaz:
“Mənzil, iş və gəlir sabitliyi kimi məsələlər birbaşa evlilik qərarına təsir edir. İnsan özünü güvənli hiss etməyəndə ailə qurmaq qərarını təxirə salır. Bir başqa məqam isə fərdiyyətçiliyin artmasıdır. Əvvəllər cəmiyyətin təzyiqi ilə erkən yaşda nikahlar daha çox idi. İndi isə gənclər “öz həyatım, öz seçimim” prinsipi ilə yaşayır və tələsik qərar vermək istəmir. Nəticə etibarilə, bu prosesi təkcə neqativ hal kimi qiymətləndirmirəm, amma balans pozulanda risklər yaranır, bu da ailə institutunun zəifləməsi və demoqrafik problemlərin yaranması deməkdir. Ona görə də burada yanaşma qınamaq yox, səbəbləri düzgün anlamaq və gənclərə həm sosial, həm iqtisadi baxımdan daha güvənli mühit yaratmaq olmalıdır”.
Qeyd edək ki, daha əvvəl Azərbaycanda bu səviyyədə nikah olmayıb. Ən aşağı göstərici 1942-ci ildə İkinci Dünya Müharibəsinin davam etdiyi və 2020-2021-ci illərdə koronavirus pandemiyasının yayıldığı zaman qeydə alınıb. 1942-ci ildə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,6, 2020-ci ildə isə 3,5 olub.
Ləman İmran
Globalinfo.az