Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasından 5 il ötür. Bu müddət ərzində QHT sektorunun inkişafı, vətəndaş cəmiyyətinin güclənməsi və dövlət-QHT əməkdaşlığının genişləndirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilib.
Bəs Agentliyin fəaliyyəti və ötən 5 ilin nəticələri barədə QHT rəhbərləri nə deyirlər?
Globalinfo.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin beş illik fəaliyyətinə qiymət verərkən bunu sadəcə bir qurumun fəaliyyəti kimi deyil, sektorun istiqamət dəyişikliyi kimi görür:
“Açığı, bir neçə il əvvəl QHT sektoru daha çox layihə yazmaq və ya qrant almaq üzərində qurulmuş bir mühit idi. Sistem yetərli səviyyədə formalaşmamışdı. Əlaqələr fraqmentar, epizodik xarakter daşıyırdı. Dövlətlə münasibətlər çox vaxt formal idi. Bu gün mənzərə bir qədər fərqlidir, dəyişməyə doğru gedir. Ən böyük dəyişiklik nədir? Bir pəncərə yanaşmasıdır. Bu, texniki detal deyil, idarəetmə fəlsəfəsinin dəyişməsidir. Artıq hansısa qurumun qapısını döyən tərəf “yad tərəf” kimi görünmür. Dövlət proqramları ilə QHT təşəbbüsləri arasında əvvəllər olmayan bir uyğunlaşma yaranmaqdadır. Bu, o qədər də kiçik məsələ deyil. Bu o deməkdir ki, vətəndaş cəmiyyəti artıq kənardan müşahidə etmir, müəyyən hallarda prosesin içindədir, tərəfdaşdır, tərəfdaşa çevrilməkdədir”.
Ə.Nuriyev qeyd edib ki, bu beş ilin əsas nəticəsi təkcə əməkdaşlıqla məhdudlaşmır:
Əliməmməd Nuriyev
“Əsas nəticə sektorun saydan keyfiyyətə keçididir. İndi layihələrin çox olması kifayət etmir, onların təsiri, davamlılığı və real nəticələri soruşulur. Digər mühüm məqam isə Azərbaycan QHT-lərinin artıq təkcə daxili mühitlə kifayətlənməməsidir. Son illərdə görürük ki, onlar beynəlxalq platformalarda – qlobal cənub təşəbbüslərində, türk dövlətləri çərçivəsində və digər platformalarda daha çox görünür, tərəfdaşlıq qurur, bəzi hallarda regional təşəbbüslərlə çıxış edirlər. Bu da sektorun inkişaf etdiyini göstərir. Amma burada dayanmaq olmaz. Açığı, ən çətin mərhələ indi başlayır. Əsas sual budur: QHT-lər sadəcə layihə icraçısı olaraq qalacaq, yoxsa dövlət siyasətinə təsir edən real institutlara çevriləcək? Bunun üçün artıq başqa keyfiyyət lazımdır, daha güclü peşəkarlıq, daha açıq və rəqabətli əməkdaşlıq mexanizmləri və ən əsası qərarların hazırlanmasında real iştirak. Əgər bu mərhələ keçilərsə, onda biz həqiqətən güclü və təhsilli vətəndaş cəmiyyətindən danışa bilərik. Bu beş ilin yekununu bir cümlə ilə deyə bilərəm ki, Agentlik QHT-lərə sadəcə dəstək vermədi, onları sistemin bir hissəsinə çevirməyə başladı”.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə isə bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafının sistemli şəkildə təşkil olunması və qeyri-hökumət təşkilatlarının dəstəklənməsi üçün xüsusi institusional mexanizmin mövcudluğu mühüm əhəmiyyət kəsb edir:
“Bu baxımdan QHT-lərin fəaliyyətinin təşviqi, onların problemlərinin araşdırılması və digər dövlət qurumları ilə əməkdaşlığının gücləndirilməsi üçün vahid qurumun yaradılması vacib addım idi. Məlum olduğu kimi, bu istiqamətdə əsas dönüş nöqtəsi 2007-ci ildən etibarən formalaşmağa başladı və konsepsiya zamanla daha da təkmilləşdirildi. Daha sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi əvvəlki QHT Şurasının bazasında yaradıldı və yeni dövrün tələblərinə uyğun prioritetlər müəyyənləşdirildi. Bu dəyişikliklər vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Əgər əvvəllər yerli QHT-lər əsasən daxili layihələrlə kifayətlənirdilərsə, artıq onların beynəlxalq layihələrdə iştirakı və qlobal platformalarda təmsil olunması üçün geniş imkanlar yaranıb. Bu gün Azərbaycan QHT-ləri Avropadan Amerikaya, Asiyaya qədər müxtəlif coğrafiyalarda layihələr həyata keçirir”.
QHT rəhbəri bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti nəticəsində qurum beynəlxalq arenada donor kimi tanınmağa başlayıb:
“Eyni zamanda, Azərbaycan vətəndaş cəmiyyəti institutları da tərəfdaş qismində beynəlxalq platformalarda daha fəal iştirak edirlər. Bundan əlavə, Azərbaycan beynəlxalq səviyyədə mühüm təşəbbüslərlə çıxış edərək iki vacib platformanın yaradılmasına nail olub. Onlardan biri Qlobal Cənub QHT Platformasıdır ki, bu təşəbbüs dünyanın üçdə ikisini əhatə edən geniş coğrafiyanı birləşdirir. Azərbaycan bu platformada təşəbbüskar kimi çıxış edərək 100-dən artıq ölkədən yüzlərlə qeyri-hökumət təşkilatını bir araya gətirib. Bu platforma həm Azərbaycanın maraqlarının beynəlxalq müstəvidə müdafiəsinə xidmət edir, həm də qlobal çağırışların vahid müzakirə məkanında müzakirə olunmasına şərait yaradır. Digər bir platforma isə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasıdır.
Hər 2 platforma həm müzakirə platforması kimi və həm də Azərbaycanın təşəbbüsü kimi vacib əhəmiyyət kəsb edir.
Sözsüz ki, bununla yanaşı, vətəndaş cəmiyyəti institutlarının Agentlikdən müəyyən gözləntiləri də mövcuddur. Bu gözləntilər əsasən dövlət dəstəyinin artırılması, QHT nümayəndələrinin beynəlxalq səfərlərdə və platformalarda iştirak imkanlarının genişləndirilməsi, eləcə də sektorun potensialının gücləndirilməsi üçün təlim və resursların artırılması ilə bağlıdır”.
C.Hüseynzadə hesab edir ki, bu istiqamətdə səsləndirilən məsələlər davamlı müzakirə predmetidir və Agentlik rəhbərliyi tərəfindən nəzərə alınır:
“Xüsusilə maliyyə resursları ilə bağlı məsələlər ümumi iqtisadi proseslərlə bağlı olsa da, mövcud imkanlar çərçivəsində addımların atılması gözləniləndir. Ümid edirik ki, gələcəkdə qeyri-hökumət təşkilatlarının qaldırdığı digər məsələlərin də həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görüləcək”.
Zaira Akifqızı
Globalinfo.az