ankara baki 1 scaled e1756076426901 900x513 1

“Azərbaycan xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri onun konkret, ardıcıl və proqnozlaşdırıla bilən olmasıdır. Bu xüsusiyyət Azərbaycanın Yaxın Şərq siyasətində, o cümlədən Fələstin məsələsinə münasibətində də aydın görünür. Bakı uzun illərdir Fələstin dövlətinin yaradılmasını, İsrail–Fələstin münaqişəsinin beynəlxalq hüquq və iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Azərbaycan bunu yalnız siyasi bəyanatlarla deyil, humanitar yardımlar, təhsil və səhiyyə layihələri ilə də nümayiş etdirir”.

Globalinfo.az-a xəbər verir ki, bu sözləri Bakı Politologiya Klubu İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, bu mövqenin əhəmiyyətini anlamaq üçün Azərbaycanın özünün keçdiyi tarixi yolu da xatırlamaq lazımdır:

“Azərbaycan xalqı son yüzillik ərzində ağır faciələrlə üzləşib. Azərbaycanlıların tarixi yaşayış yerlərindən didərgin salınması, terror, Qarabağ münaqişəsi, torpaqlarımızın uzunmüddətli işğalı, bir milyona yaxın qaçqın və məcburi köçkün, Xocalı soyqırımı, işğal altında qalmış ərazilərdə dini və mədəni irsimizin dağıdılması,  məscidlərdə heyvan saxlanılması faktları xalqımızın tarixi yaddaşının ayrılmaz hissəsidir.

Bütün bunlar bir neçə ilin deyil, təxminən bir əsri əhatə edən mürəkkəb tarixi proseslərin ayrı-ayrı mərhələləridir. Ən mühüm məqam isə odur ki, Azərbaycan bu ağır dövr ərazində İslam dünyasının bütün dövlətlərindən eyni səviyyədə siyasi və mənəvi dəstək görməyib.

Xüsusilə 30 illik işğal dövründə Yaxın Şərqin bir sıra siyasi və ictimai mərkəzlərindən  həmrəylik hiss olunmurdu. Azərbaycan və Türkiyəyə qarşı terror fəaliyyəti həyata keçirən ASALA 1975-ci ildə məhz Livanda yaradıldı. Beləcə, Livan və Yaxın Şərqin digər münaqişə zonaları sonradan müxtəlif erməni silahlı strukturlarının fəaliyyət göstərdiyi məkanlardan biri oldu və ən azından bu 2020 -ci ilədək davam etdi”.

zaur memmedov yeni 1 900x737 1
Zaur Məmmədov

Politoloq bildirib ki, Fələstin – erməni münasibətləri ilə bağlı da maraqlı məqamlar mövcuddur:

“2000-ci ildə Kemp-Devid danışıqları zamanı Qüdsün gələcək statusu müzakirə edilərkən ABŞ-ın irəli sürdüyü variantlardan birində Köhnə şəhərin Erməni məhəlləsinin İsrailin suverenliyi altında qalması nəzərdə tutulurdu. Yasir Ərəfat bu varianta qarşı çıxdı. Həmin dövrdə Fələstinin “Al-Ayyam” qəzetinə istinadla yayılan məlumatlarda onun mövqeyi belə təqdim edilirdi: “Erməni məhəlləsi bizə məxsusdur, biz və ermənilər bir xalqıq.”

Fələstin–erməni münasibətlərinin daha əvvəlki dövrü haqqında da erməni müəlliflərinin maraqlı məlumatları var. Ermənistan Milli Elmlər Akademiyasının müxbir üzvü olmuş, uzun illər ərəbşünaslıqla məşğul olmuş Nikolay Oqanesyanın söylədiklərinə görə, Livandakı vətəndaş qarşıdurması zamanı erməni icması ilə maronit qüvvələri arasında ciddi gərginlik yaranmışdı. Onun təqdim etdiyi versiyaya görə, qüvvələr nisbətinin ermənilərin xeyrinə olmadığı bir şəraitdə Yasir Ərəfat öz xüsusi nümayəndəsini erməni icmasının rəhbərlərinin yanına göndərmiş və onlara bildirmişdi ki, zərurət yaranarsa, Fələstinin hərbi qüvvələrini ermənilərin müdafiəsinə göndərməyə hazırdır.

Bu tarixi faktları xatırlatmaqda məqsəd bugünkü hadisələri daha real baxış bucağı altında görməkdir. Azərbaycan özünün ən ağır günlərində hər kəsdən gözlədiyi həmrəyliyi görməsə də ( vaxtilə İrandan, Livandan, Fələstindən, Suriyadan), başqa xalqların faciəsinə münasibətdə eyni laqeydliyi nümayiş etdirmir. Hətta, baxmayaraq ki, bəzi dövlətlər nəinki dəstək göstərmədilər, ermənilərə birbaşa  iqtisadi, hərbi dəstək verirdilər!

Müharibə və humanitar böhranlardan əziyyət çəkən əhaliyə milyonlarla dollar dəyərində yardımlar göstərən, Qəzzaya humanitar dəstək verən, Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini müdafiə edən, İrana, Suriyaya hümanitar, mənəvi, iqtisadi dəstək verən Azərbaycan üçün bu siyasət situativ seçim deyil.

Yaxın Şərq incə bir ipə bənzəyir: burada bir nöqtədə yaranan gərginlik qısa müddətdə bütöv regionun təhlükəsizlik arxitekturasına təsir göstərə bilir. Məhz buna görə bu mürəkkəb və həssas coğrafiyada sabitliyin qorunması yalnız regional deyil, qlobal əhəmiyyət daşıyır.

Azərbaycanın bu coğrafiyaya yanaşması aydın və ardıcıldır: dövlətlərin suverenliyi, beynəlxalq hüquq, siyasi dialoq və regional sabitlik. İslam dünyasının bugünkü siyasi coğrafiyasının formalaşmasında mühüm tarixi rol oynamış Osmanlı dövlətinin varisi Türkiyə ilə strateji müttəfiqlik isə bu siyasətə xüsusi əhəmiyyət qazandırır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: