Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib ki, Azərbaycan iri maliyyə resursları hesabına istənilən texnologiyanı əldə edə bilsə də, ölkənin dayanıqlı inkişafında kadr potensialı və toplanmış təcrübə əsas rol oynayır.
Dövlətimizin başçısı qeyd edib ki, ölkədə savadlılıq səviyyəsinin 100 faizə yaxın olması və təhsil sahəsində görülən geniş işlər kadr potensialının artırılmasında vacib rol oynayır.
Neft-qaz sahəsində qazanılan uğurlu idarəçilik təcrübəsini vurğulayan Prezident İlham Əliyev söyləyib ki, hazırda ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşsə də, ixracda neft-qazın üstünlüyünü azaltmaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq da davam etdirilir.
Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nəticələr ölkənin inkişaf modelində yeni mərhələnin formalaşdığını göstərir:
“Bu mərhələdə maliyyə imkanları əvvəlki kimi mühüm əhəmiyyət daşısa da, artıq əsas məsələ mövcud resursların həcmi deyil, həmin resursların hansı keyfiyyətli insan kapitalı, texnoloji bacarıq və idarəçilik imkanları ilə iqtisadi dəyərə çevrilməsidir. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində səsləndirdiyi fikirlər də məhz bu strateji yanaşmanın mahiyyətini ifadə edir.
Müasir dünyada kapitalın imkanları genişdir. Böyük maliyyə resurslarına malik ölkə ən müasir texnologiyaları əldə edə, qabaqcıl avadanlıq ala, xarici şirkətləri cəlb edə və müxtəlif sahələrdə hazır texnoloji həllərdən istifadə edə bilər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, texnologiyanın alınması ilə texnoloji inkişaf eyni anlayış deyil. Alınmış texnologiyanın səmərəli istismarı, onun yerli istehsal proseslərinə uyğunlaşdırılması, təkmilləşdirilməsi və daha yüksək əlavə dəyər yaradan yeni məhsul və xidmətlərə çevrilməsi üçün peşəkar kadrlar və uzunmüddətli təcrübə tələb olunur.
Məhz buna görə də Prezidentin insan kapitalına xüsusi diqqət yetirməsi təsadüfi deyil. Azərbaycanın savadlılıq səviyyəsinin yüksək olması və təhsil sisteminin inkişafı ölkənin iqtisadi potensialının mühüm komponentidir. Lakin müasir iqtisadiyyat üçün savadlılıq zəruri olsa da, kifayət deyil. Yeni inkişaf mərhələsi təhsilin keyfiyyətini, peşəkar ixtisaslaşmanı, elmi-tədqiqat imkanlarını, rəqəmsal bacarıqları, mühəndislik kompetensiyalarını və idarəçilik təcrübəsini ön plana çıxarır.
Yəni, XXI əsrin iqtisadi rəqabətində üstünlük yalnız nə qədər kapitala sahib olmaqla müəyyənləşmir. Əsas sual həmin kapitalı idarə edə biləcək, müasir texnologiyaları mənimsəyəcək, yeni həllər yaradacaq və ölkənin rəqabət qabiliyyətini yüksəldəcək insan resurslarının hansı səviyyədə olmasıdır. Bu baxımdan, insan kapitalına qoyulan investisiya uzunmüddətli perspektivdə fiziki kapitala qoyulan investisiyadan fərqli olaraq, özünü yalnız bir layihənin və ya bir sektorun çərçivəsində yox, iqtisadiyyatın bütün sahələrində göstərən strateji resursa çevrilir”.
Deputat bildirib ki, Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı idarəçilik təcrübəsi də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır:
“Enerji sektorunda əldə edilmiş təcrübənin özü də sadəcə hasilat və ixrac göstəriciləri ilə ölçülməməlidir. Burada iri layihələrin idarə edilməsi, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq, mürəkkəb müqavilə münasibətlərinin tənzimlənməsi, mühəndislik və logistika imkanlarının inkişaf etdirilməsi, qlobal enerji bazarının xüsusiyyətlərinin ən incə detallarına kimi öyrənilməsi və müxtəlif institusional mexanizmlərin formalaşdırılması kimi çoxşaxəli bilik və bacarıqlar toplanıb.
Bu təcrübənin əhəmiyyətli tərəfi ondan ibarətdir ki, o, yalnız neft-qaz sektorunda qalmamalıdır. Əksinə, enerji sektorunda formalaşmış idarəçilik və peşəkarlıq mədəniyyəti qeyri-neft iqtisadiyyatının inkişafına transfer edilməlidir. Çünki iqtisadiyyatın şaxələndirilməsi yeni müəssisələrin yaradılması və investisiyaların cəlb edilməsi ilə başa çatmır. Şaxələndirmənin davamlı olması üçün müxtəlif sahələrdə eyni səviyyədə peşəkar idarəçilik, innovasiya qabiliyyəti və bazar düşüncəsi formalaşmalıdır.
Prezidentin çıxışında vurğulanan başqa mühüm məqam da məhz bu transformasiyanın miqyasını göstərir. Hazırda Azərbaycanın ÜDM-də qeyri-neft sektorunun payı 70 faizdən çoxdur. Bu göstərici iqtisadiyyatın strukturunda əhəmiyyətli dəyişikliklərin baş verdiyini göstərməklə yanaşı, qarşıda duran yeni vəzifəni də müəyyənləşdirir. Əgər əvvəlki mərhələdə əsas məqsədlərdən biri neft gəlirlərinin iqtisadi və sosial inkişaf üçün səfərbər edilməsi idisə, yeni mərhələdə əsas məsələ həmin maliyyə və idarəçilik kapitalının qeyri-neft sektorunda dayanıqlı, yüksək əlavə dəyər yaradan fəaliyyətə çevrilməsidir.
Burada ixracın strukturu ayrıca diqqət tələb edir. ÜDM-də qeyri-neft sektorunun çəkisinin artması mühüm nəticədir, amma iqtisadiyyatın dayanıqlılığını qiymətləndirərkən təkcə daxili istehsalın strukturuna yox, ixracın strukturuna da baxmaq lazımdır. Neft-qazın ixracda üstün mövqeyinin tədricən azaldılması Azərbaycanın iqtisadi siyasətinin strateji istiqamətlərindən biri kimi qalır. Bunun üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsi ilə yanaşı, yerli şirkətlərin texnoloji və idarəçilik imkanlarının artırılması, onların qlobal dəyər zəncirlərinə qoşulması və rəqabətqabiliyyətli məhsulların istehsalı xüsusi əhəmiyyət kəsb edir.
Əslində, burada bir-birini tamamlayan əsas stiqamətlər – maliyyə kapitalı, texnologiya və insan kapitalı nəzərdə tutulur. Maliyyə texnologiyanın əldə edilməsinə imkan yaradır, texnologiya məhsuldarlığı artırır, lakin bu iki resursun davamlı iqtisadi nəticəyə çevrilməsini təmin edən əsas amil insan kapitalıdır. İnsan kapitalı olmadan texnologiya idxaldan, maliyyə isə xərclənən resursdan o tərəfə keçə bilməyəcək”.

Elçin Mirzəbəyli
Deputat qeyd edib ki, bu baxımdan, Azərbaycanın qarşısında duran məsələ ölkəyə təkcə yeni texnologiya gətirmək deyil, texnologiyanı yarada və mənimsəyə biləcək iqtisadi mühit formalaşdırmaqdır:
“Bu isə təhsil, elm, biznes və dövlət idarəçiliyi arasında daha sıx əlaqələrin qurulmasını tələb edir. Universitetlərin əmək bazarının real ehtiyaclarına uyğunlaşması, peşə təhsilinin nüfuzunun yüksəldilməsi, mühəndislik və texniki ixtisaslara marağın artırılması, elmi tədqiqatların iqtisadi fəaliyyətlə əlaqələndirilməsi və gənc mütəxəssislərin real istehsal proseslərinə inteqrasiyası bu siyasətin mühüm elementləri ola bilər.
Burada Azərbaycanın qarşısında duran daha geniş strateji hədəf də görünür. Belə ki ölkə iqtisadiyyatı müəyyən sahələrdə öz texnoloji və idarəçilik həllərini ixrac edə bilən iqtisadi sistemə çevrilməlidir. Bunun üçün isə illər ərzində toplanmış təcrübənin institusional yaddaşa çevrilməsi vacibdir. Ayrı-ayrı mütəxəssislərin şəxsi təcrübəsi və bilikləri həmin insanlar sistemdən kənarlaşdıqda itirsə, ölkənin topladığı peşəkar kapital da zəifləyə bilər. Ona görə də idarəçilik təcrübəsinin, texniki biliklərin və peşəkar standartların institusional şəkildə qorunması və yeni nəsillərə ötürülməsi strateji məsələdir.
Bu anlamda Azərbaycanın enerji sektorunda əldə etdiyi təcrübə keçmişin uğur hekayəsi olmaqla yanaşı, gələcək iqtisadi transformasiyanın resursu kimi qiymətləndirilməlidir. Neft və qazdan əldə edilən maliyyə imkanlarının insan kapitalına, texnologiyaya, infrastruktura və yeni iqtisadi sahələrə yönəldilməsi məhz bu transformasiyanın əsas mexanizmlərindən biridir”.
E.Mirzəbəylinin sözlərinə görə, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın inkişaf gündəliyinin mühüm fəlsəfi xəttini ortaya qoyur:
“Bu fəlsəfənin mahiyyəti ondan ibarətdir ki, maliyyə resursu inkişaf üçün imkan yaradır, texnologiya bu imkanın alətinə çevrilir, lakin dayanıqlı nəticəni insan kapitalı yaradır. Azərbaycanın qarşıdakı inkişaf mərhələsində əsas rəqabət üstünlüyü də məhz kapitalın, texnologiyanın və insan potensialının vahid sistem daxilində birləşdirilməsindən asılı olacaq.
Əgər Azərbaycan əldə etdiyi maliyyə imkanlarını yalnız texnologiyanın alınmasına deyil, həmin texnologiyanı mənimsəyən, təkmilləşdirən və yeni texnologiya yaradan nəsillərin yetişdirilməsinə yönəldə bilsə, onda iqtisadi şaxələndirmə sadəcə statistik göstəricilərin dəyişməsi ilə məhdudlaşmayacaq. Bu halda ölkənin inkişaf modeli resurslardan asılı iqtisadiyyatdan bilik, bacarıq, innovasiya və yüksək əlavə dəyər üzərində qurulan iqtisadi sistemə keçid xarakteri qazanacaq”.
Turan Rzayev
Globalinfo.az