Prezident İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarını dünyanın aparıcı investorlarına təqdim edən mühüm beynəlxalq platformadır.
Forumun önəmi burada müzakirə olunan qlobal əhəmiyyətli iqtisadi mövzularla yanaşı, Azərbaycana gələn investorların miqyası və səviyyəsi ilə də ölçülür.
Bu il Bakıda qlobal maliyyə və investisiya bazarının aparıcı şirkətlərinin, investisiya və suveren fondların, beynəlxalq maliyyə institutlarının rəhbərləri bir araya gəliblər. Müzakirələrdə BlackRock/GIP, Franklin Templeton, PGIM, Brookfield, KKR, Ares, Neuberger Berman kimi qlobal investisiya qurumları, eləcə də Türkiyə Sərvət Fondu, Sinqapurun Temasek fondu və digər böyük institusional investorlar təmsil olunur.
Forumda iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi təxminən 30 trilyon ABŞ dollarına çatır. Bu miqyasda qlobal investorların Bakıda bir araya gəlməsi Azərbaycanın investisiya imkanlarına marağın göstəricisi olmaqla yanaşı, ölkəmizin iri beynəlxalq kapital üçün təqdim etdiyi imkanların tanıdılması, birbaşa əlaqələrin genişləndirilməsi və beynəlxalq investisiya əməkdaşlığının gücləndirilməsi baxımından mühüm fürsətdir.
Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, hazırda dünyada böyük iqtisadi, ən əsası da maliyyə böhranının ayaq səsləri eşidilir:
“Hiss olunur ki, qarşıda böyük maliyyə böhranı gələcək. Hansı ki, arxasınca başqa fəsadları da gətirəcək. Artıq demək olar ki, iqtisadi qopuqluqlar baş verib və dünya fərqli nəqliyyat-logistika problemləri, boğazlarda, dəniz keçidlərində baş verən hadisələr, qlobal müharibələr, Yəməndə, İranda yaşananlar yeni qlobal iqtisadi böhran yarada bilər.
Bir tərəfdən bu iqtisadi durğunluq maliyyə resurslarının toplanmasına gətirib çıxarır. Yəni əldə trilyonlarla dollar vəsait olur, amma onu xərcləməyə yer olmur. Digər tərəfdən isə bəzi ölkələr bu vəsaiti cəlb etmək üçün yarışa çıxır. Bizim region uzun illər investisiya yarışından uzaq qalıb. Lakin hazırda çox böyük potensial var. Ən önəmlisi, hazırda ciddi təhlükəsizlik mühiti yaranıb. Bu isə investorların regiona gəlməsi üçün əlavə stimuldur.

Turab Rzayev
Cənubi Qafqazda Ermənistan süni intellekt və texnologiyaya, Gürcüstan turizmə, Azərbaycan isə bərpa prosesinə, dağ-mədən sənayesinə və yaşıl enerji siyasətinə investisiya cəlb edir. Əsas hədəfimiz qeyd etdiyim o trilyonlarla dollar vəsaitin böyük qisminin regiona və ölkəmizə gəlməsidir. Bu istiqamətdə ciddi işlər görülür. Xüsusilə Prezident İlham Əliyev fərqli platformalar təşkil edir, müxtəlif böyük investorlar və şirkət rəhbərləri ilə görüşür, onlarla danışıqlar aparır və regiona cəlb etməyə çalışılır. BlackRock/GIP, Franklin Templeton, PGIM, Brookfield, KKR, Ares, Neuberger Berman kimi qlobal investisiya qurumları, eləcə də Türkiyə Sərvət Fondu, Sinqapurun Temasek fondu və digər böyük institusional investorlar buna misal ola bilər.
Bakı bu şirkət və fondları bir araya toplayaraq nəqliyyat-kommunikasiya, dağ-mədən, yaşıl enerji və bərpa prosesinə investisiya cəlb etməyə çalışır. Bu yolla Azərbaycan ciddi inkişafa, iqtisadi potensiala nail ola bilər. Məsələn, BlackRock yenicə Türkiyədə oldu və 2 trilyona yaxın vəsait investisiya qoydu. Bu, çox böyük məbləğdir və ölkəmizə də cəlb edilə bilər”.
Turan Rzayev
Globalinfo.az