qFjw1jtazwYqNZggBgT7FNjFFTMMUmdyWdfgeZYN 1200

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib. Nazir çıxışında beynəlxalq hüquqa, dövlətlərin suveren bərabərliyinə və daxili işlərə qarışmamaq prinsipinə ciddi riayətə əsaslanan çoxtərəfli sistemin yenilənməsinin və gücləndirilməsinin vacibliyini vurğulayıb.

Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının, inkişaf etməkdə olan ölkələrin daha ədalətli təmsilçiliyinin təmin edilməsinin zəruriliyini qeyd edib.

Azərbaycan-Ermənistan münasibətlərinə toxunan nazir Vaşinqton Sülh Sammitindən sonra iki ölkə arasında de-fakto sülhün əldə olunduğunu bildirib. O, sülh gündəliyinin iqtisadi dividendlər yaratdığını, o cümlədən Azərbaycanın tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdığını və müəyyən sahələrdə ikitərəfli ticarətin başladığını qeyd edib.

Nazir sülh sazişinin imzalanması qarşısında qalan maneələrin aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, sülh sazişinin imzalanmasında əsas maneə, demək olar ki, aradan qalxıb:

“Əsas məsələ sülh sazişinin imzalanmasından daha çox, bu sazişin davamlı olmasıdır. Bizə imitasiya xatirinə sülh sazişi lazım deyil. Daimi sülh sazişinin imzalanması daha vacibdir. Əgər de-fakto sülh olmadan saziş imzalansa, sənəd kağız parçası olacaq.

De-fakto sülhün əldə edilməsi üçün etimad mühitinin yaranması vacibdir. Bunun üçün, əlbəttə, çalışmalar gedir. İqtisadi təmaslar qurulur. Həmçinin biz ekspertlərin, ziyalıların qarşılıqlı səfərlərini görürük. Bu, iki cəmiyyət arasında əlaqələrin qurulması baxımından müsbətdir.

zeynal emreliyev 1

Azərbaycan və Ermənistan tərəfinin sülh gündəliyinə sadiq olduğu görünür. Uzun müddətdir ki, regionda atəş səsi gəlmir. Silahlar tam susub və bu, irəli addımlar atmaq üçün çox mühümdür.

Əlbəttə, Ceyhun Bayramovun da dediyi kimi, kənar qüvvələr regiona müdaxilə etmək istəyir. Bu, bundan sonra da olacaq. Lakin əsas məsələ tərəflərin buna icazə verməməsi, kənardan gələn şirnikləşdirici şeylərə yaxın durmamasıdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: