iran 900x600 1

ABŞ Prezidenti Donald Tramp “The Wall Street Journal” qəzetinə müsahibəsində İranı təhdid edib. Tramp bildirib ki, Tehran Hörmüz boğazından gəmilərin sərbəst keçidinə icazə verməsə, Birləşmiş Ştatlar onun ərazisindəki bütün elektrik stansiyalarına və körpülərə zərbələr endirəcək.

Bu təzyiqlər qarşısında İranın hansı addımlar atacağı və necə qərar verəcəyi sual doğurur.

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi artıq altıncı həftədir davam edir:

“Tramp hücumdan öncə dörd-altı həftəyə müharibənin başa çatdırılacağını bəyan etmişdi. Lakin görünür ki, bu bəyanat tam doğrulmur. Tehran güclü müqavimət nümayiş etdirir. İran müharibə nəticəsində hərbi və dini-siyasi elitasında ciddi itkilər, o cümlədən hərbi, iqtisadi, elmi və mədəni infrastrukturunda böyük dağıntılarla üzləşib.

İran 12 günlük müharibədə SEPAH-ın kəşfiyyat rəhbərini itirmişdi, onun yerinə təyin edilən yeni rəhbər də son hücumlarda öldü. Bu, İranın müqavimət qabiliyyətinin qarşıdakı dövr üçün zəifləyəcəyinə işarədir. Lakin Tehran müqavimət göstərməkdə israr edir. Hazırda məğlubiyyətini qəbul etmək, alçaldıcı sülh şərtlərinə razılıq vermək demək olardı. İran isə ləyaqətinin qorunduğu davamlı sülh sazişi əldə etmək istəyir.

Trampın İranı “daş dövrünə qaytarmaq” kimi hədələrinə baxmayaraq, Tehran mübarizəni davam etdirəcəyini bəyan edib. Tramp öncə 48 saat, sonra 10 gün vaxt vermişdi, hətta bir gün də əlavə etdi, lakin bu uzatmalar İranın iradəsini dəyişmir”.

sehla celilzade e1755003028631
Şəhla Cəlilzadə 

Ekspert bildirib ki, Pakistan ötən gün tərəflərə iki mərhələli həll paketi təqdim edib:

“İlkin olaraq 45 günlük atəşkəs və Hörmüz boğazının tam açılması, sonrakı 15–20 gündə isə tam əhatəli sülhün əldə olunması təklif olunur. Lakin İran buna razı olmayıb. Qəzza sülhündən də göründüyü kimi, atəşkəs sazişinə qarşı tərəfin əməl etməyəcəyi, müvafiq müddəalar razılaşdırılmazsa, hücumların daha geniş formada bərpa olunacağı aydındır.

İranın keçmiş xarici işlər naziri Cavad Zərif sülh şərti olaraq təklif edib ki, bütün sanksiyalar aradan qaldırılsın, beynəlxalq nəzarət imkanı təmin olunsun, İran nüvə silahı əldə etməmək öhdəliyi götürsün, uran zənginləşdirmə səviyyəsini aşağı salsın və Hörmüz boğazını açsın.

Bu isə sual yaradır: Bütün dağıntılar, baş verənlər bundan ötrü idimi? Belə bir saziş imzalanarsa, ABŞ və İsrail itkilərini necə kompensasiya edəcək? Bu səbəbdən müharibənin uzanması mümkündür. BƏƏ və Bəhreynin BMT-də İrana qarşı koalisiya çağırışı, müharibənin uzanması ilə bağlı mümkün ehtimallar barədə əsaslı işarədir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: