0JFPuH6ZtiaytbhUo1cpcnD5fi0NeswPPkcbdYXu 1200

Ermənistanda parlament seçkiləri ərəfəsində siyasi proseslər daha da aktivləşir. Müxalif düşərgədə əsas fiqurlardan biri olan keçmiş prezident Robert Köçəryanın baş nazir postuna namizəd kimi irəli sürülməsi diqqət çəkir.

Analitiklər bu addımı təkcə daxili siyasi proses kimi deyil, həm də Rusiyanın Cənubi Qafqazda zəifləyən təsirini bərpa etmək istiqamətində mümkün strategiyasının tərkib hissəsi kimi qiymətləndirirlər.

Globalinfo.az-a danışan Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı deyib ki, Robert Köçəryan Ermənistan parlamentindəki “Hayastan” fraksiyasının rəhbəridir:

“Bu fraksiyanın tərkibində Erməni İnqilabi Federasiyası – Daşnaksütyun Partiyasının nümayəndələri də var. Köçəryanın baş nazirliyə namizədliyinin elan edilməsi prosesində Daşnaksütyun Partiyasının üzvləri də iştirak edirdilər. Bu isə o deməkdir ki, “Hayastan” fraksiyası Daşnaksütyun Partiyası ilə birlikdə Köçəryanın namizədliyini irəli sürüb. Lakin bu, keçmiş prezidentin Ermənistan müxalifətinin vahid namizədi olduğu mənasına gəlmir.

Müxalif qüvvələrin birləşdiyi “Güclü Ermənistan” və “Şərəfim var” fraksiyaları da mövcuddur. Onlar da yaxın vaxtlarda öz namizədlərini elan edəcəklər. “Güclü Ermənistan”ın namizədi rusiyalı iş adamı Samvel Karapetyandır və o, hazırda həbsdədir. Karapetyanın həbs müddətinin daha bir ay uzadıldığı açıqlanıb. O, namizədliyini irəli sürsə də, Rusiya vətəndaşı olduğu üçün ölkənin baş nazir vəzifəsini icra edə bilməz.

Gələcəkdə Köçəryan və Karapetyan arasında müəyyən koalisiyanın yaradılması istisna deyil. Çünki hər iki fiqur Rusiyaya yaxın siyasi qüvvələr hesab olunur.

Digər müxalif qüvvələr də var. Paşinyan komandasının sabiq üzvü Edmon Marukyan da namizədliyini irəli sürmək niyyətindədir. Gənc siyasətçilərdən Qurgen Simonyan da bu siyahıya daxildir”.

qafar
Qafar Çaxmaqlı

Q.Çaxmaqlının sözlərinə görə, Köçəryanın ölkədə ciddi nüfuza malik olmadığı bildirilir:

“Baş nazir Nikol Paşinyan çıxışlarının birində demişdi ki, xalq Köçəryan və Serj Sərkisyanın komandasının parlamentə düşməsinə imkan verməməlidir. Bu istiqamətdə Paşinyan və komandası tərəfindən geniş təbliğat aparılır. Sorğular da göstərir ki, onların reytinqləri aşağıdır.

Ermənistanda 7 iyun seçkiləri ilə bağlı digər siyasi qüvvələr də aktivləşməyə başlayıblar. ABŞ-da həbsdə olan “Doq” partiyasının lideri Vardan Qukasyan da seçkilərdə iştirak etmək niyyətini açıqlayıb. Ölkədə rəngarəng siyasi mühit formalaşıb və ciddi rəqabətin olacağı gözlənilir.

Əsas mübarizənin iki qrup arasında gedəcəyi ehtimal olunur: Rusiya yönümlü qüvvələr və Mülki Müqavilə Partiyasının lideri Nikol Paşinyanla onun komandası. Bu seçkilərdə hər iki tərəf üçün 50+1 səs toplamaq çətin görünür. Lakin Paşinyanın imkanları və reytinqi digərləri ilə müqayisədə daha yüksəkdir.

Müxalif qüvvələr Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün müxtəlif addımlar atmağa çalışırlar. Seçki ərəfəsində təxribatların, daxili xaosun və xarici müdaxilələrin mümkünlüyü istisna edilmir.

Seçkilərə hələ vaxt var və nəticələrdən asılı olaraq Ermənistanda vəziyyətin sabit saxlanılması, regionda gərginliyin artmaması və sülhə təhlükə yaranmaması vacib olacaq.

Azərbaycan və Türkiyə də Nikol Paşinyanın yenidən seçilməsində maraqlıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: