Hər təqvim ili ərzində fiziki şəxslər bir ədəd mobil telefonu gömrük sərhədindən ödənişsiz keçirə biləcəklər. Bu qayda 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.
Yeni qaydalar nələri dəyişəcək? Qiymət artımı gözlənilirmi?
Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu qərar vətəndaşın cibinə birbaşa zərbədir:
“Eyni zamanda bazarı süni şəkildə bahalaşdırmaqdan başqa real nəticə verməyəcək. İnsanlar mobil telefonu lüks yox, gündəlik zəruri vasitə kimi istifadə edir, amma dövlət bunu gəlir mənbəyinə çevirməyə çalışır. Bir ildə cəmi bir telefon limiti reallıqdan uzaqdır, çünki ailə üzvləri və ya iş üçün yaxud köhnə telefon xarab olduqda yenisini gətirmək adi haldır. Yeni qaydalar telefon qiymətlərinin artmasına səbəb olacaq. Xaricdən gətirilən telefonlar bahalaşacaq, bu da yerli bazarda satılan cihazların qiymətini artıracaq. Nəticədə uduzan yenə adi vətəndaş olacaq. Rəqabət azalacaq, seçim imkanları daralacaq və insanlar eyni telefonu daha baha almağa məcbur qalacaq”.
Akif Nəsirli
İqtisadçı qeyd edib ki, bu cür məhdudiyyətlər kölgə bazarını genişləndirə bilər:
“Rəsmi yollar çətinləşdirildikcə qeyri-rəsmi üsullara maraq artacaq ki, bu da nə istehlakçı, nə də dövlət üçün sağlam nəticədir. Qısası, qərar nə bazarı tənzimləyir, nə də vətəndaşı qoruyur, sadəcə əlavə vergi yükü yaradır və narazılığı artırır”.
Qeyd edək ki, fiziki şəxslərin xaricdən Azərbaycana mobil cihazları gətirməsi ilə bağlı güzəşt mexanizmi Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 saylı qərarı ilə təsdiqlənmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” ilə tənzimlənir.
Yeni dəyişikliklərə əsasən fiziki şəxslər tərəfindən təqvim ili ərzində bir ədəd mobil cihazın (telefon və ya smartofon) müvafiq hədlər çərçivəsində (fiziki şəxslərin özləri tərəfindən ölkə ərazisinə gətirilməsi zamanı 800 ABŞ dolları, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkətlər vasitəsilə gətirilməsi zamanı isə 300 ABŞ dolları) güzəştli qaydada bir dəfə ölkə ərazisinə gətirilməsi imkanları mövcuddur. Bir telefonun dəyəri yuxarıda qeyd olunan hədlərdən artıq olduqda güzəşt limitindən artıq hissəsinə gömrük ödənişləri tətbiq edilməklə sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi həyata keçirilir. Yəni ölkəyə gətirilən telefonun dəyəri göstərilən limitdən (300 və 800 ABŞ dolları ) az olduqda ödəniş tətbiq edilmir. İl ərzində bir ədəddən artıq mobil cihazın gətirilməsi zamanı isə təmin telefona görə gömrük ödənişləri tam həcmdə ödənilir.
Ləman İmran
Globalinfo.az