Əliyevin tarixi həmlələri – Bakıdan Xankəndiyə kritik siqnal ötürüldü

“Hərbi qələbə qazanılırsa, bunun strateji zəmanətini formalaşdıracaq daimi əsaslar yaratmaq lazımdır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov Qarabağdakı separatçıların təxribatılarına və İrəvanın sülhdən yayınmasına rəğmən rəsmi Bakının qərarlı siyasət yürütməsi, işğaldan azad edilmiş yerlərdə işlər aparması haqda danışarkən deyib.

Onun sözlərinə görə, burada 4 amil önə çıxır:

  1. Azərbaycan işğaldan azad etdiyi ərazilərin təhlükəsizlik mühitini yaxşılaşdırır.
  2. Azərbaycan həmin ərazilərdəki tikinti-quruculuq işlərinə xarici investorları cəlb edərək, bir növ, gələcək təminatın beynəlxalq iqtisadi əsaslarını yaradır.
  3. Azərbaycan paralel şəkildə məcburi köçkünlərin geri qayıdışını həyata keçirir, infrastruktur yaradır.
  4. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə hava limanları tikərək beynəlxalq təhlükəsizlik təminatını gücləndirir, hərçənd bunun hərbi yükü də var”.

Ekspert  qeyd edib ki, “Böyük qayıdış” proqramı həmin məqamlar üzrə ümumi strateji müdafiənin vacib komponenti kimi nəzərə çarpır:

“Azərbaycan həm beynəlxalq ictimaiyyətə, həm də regional aktorlara aydın şəkildə ismarış ötürür ki, öz ərazilərindəki quruculuq, tikinti işləri, yeni şəhərlərin salınması xoş mərama xidmət edir. Bu, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yaşayan ermənilər üçün də siqnaldır – ya onlar Bakının şərtlərini qəbul edib vətəndaşlıq hüququndan yararlanacaqlar, ya da ölkəmizin hüdudlarını tərk edəcəklər.

Aqşin Kərimov

Beynəlxalq ictimaiyyətdə “məzlum erməni” obrazına inam qaldığına görə, Azərbaycan sübut edir ki, işğaldan azad edilmiş ərazilərdə görülən işlərdən ermənilər də faydalana bilər. Yəni Qarabağdakı ermənilərin Azərbaycanın ictimai-siyasi həyatına inteqrasiyası üçün münbit mühit mövcuddur, bunun dəyərləndirilməsi isə onlara qalır.

Bir sözlə, qayıdış proqramı mühüm perspektiv detallara hesablanıb, məcburi köçkünlər geri qayıdırsa, deməli Azərbaycan:

– Öz əhalisinin təhlükəsizliyini qorumaq üçün Ermənistanla sərhəddə (indi üçün əsasən Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı xəttində) xeyli tədbirlər görəcək;

– Qarabağdakı və Şərqi Zəngəzurdakı quruculuq işləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət zonasındakı ərazilərdə Azərbaycanın mütləq suverenliyinin təminatçısı kimi çıxış edəcək;

– Qazaxın yeddi kəndinin və Naxçıvanın Kərki kəndinin azad edilməsi və ora sakinlərin köçürülməsi həyata keçiriləcək.

Turan Rzayev
Globalinfo.az