
İş adamı Xəqani İbrahimov qardaş ölkədə zəlzələ baş verən gündən fəlakət bölgəsinə yardım kampaniyasının əsas təşkilatçılarından, iştirakçılarındandır. O, “Qardaş Köməyi” Platformasının 10 günlük fəaliyyətini Globalinfo.az üçün dəyərləndirib.
Xəqani İbrahimov Türkiyədə baş verən zəlzələnin hamı kimi onu da dərindən sarsıtdığını deyib:
“Düşünməzdik ki, 500 kilometrlik bir ərazidə 13 milyon əhalisi olan şəhərlərdə belə ağır fəsadlar verəcək zəlzələ olar. Hadisə baş verən vaxt ilk olaraq dövlət başçısı cənab İlham Əliyev Fövqəladə Hallar Nazirliyinə göstəriş verib və 3 saatdan sonra bizim FHN əməkdaşları hazır bir vəziyyətdə artıq təyyarələrin qarşısında idilər. Mənim Türkiyənin bütün şəhərlərində dost-tanışlarım var. Adanada zəlzələ olan bölgələrdə olan dostlar deyir ki, Adana valisinin sözlərinə görə, hələ öz xilasedici qruplarından da öncə ora Azərbaycan FHN-nin əməkdaşları gəldi. Bizimkiləri Kahramanmaraş şəhərinə yönləndirmişdilər. Mən Hatay və Kahramanmaraşla tez-tez əlaqə saxlayırdım. MADO-nun sahibi Məhəmməd Kambur bəyə zəng etdim, onun da 60-a yaxın əməkdaşı həlak olub. TÜİB başqanı Hüseyn Böyükfıratın Adıyamanda 52 nəfərə qohumu dünyasını dəyişib”.
X.İbrahimovun sözlərinə görə, Türkiyə dövləti dünyaya 4-cü çağırışla müraciət edəndə Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanımın göstərişi ilə “Qardaş Köməyi” Platforması yarandı:
“Platformanın rəhbəri, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) başqanı Rəşad Cabirli bizi topladı, tez bir zamanda ölkənin dörd bölgəsində məntəqələr quruldu. Yardım məntəqələrinə isti geyimlər, qida məhsulları, isidici cihazlar gətirilməyə başladı. Sonra generatorlar, çadırlar lazım oldu. Biz də Platformaya dəstək olmaq üçün insanları təşviq edirdik. Bununla yanaşı, ciddi şəkildə insanların əlindən tutmaq üçün “Ziraat Bank” və “Yapı Kredi Bankı”da hesablar açıldı, “Milliön”, “EManat” ödəmə terminallarında hesablar açıldı.
“Qardaş Köməyi” Platformasından iki yerə bölünmüş şəkildə hazırlanmış TIR-lar Türkiyəyə yetişdirildi. Bu gün qarşımızda duran vəzifələrdən ən böyüyü tez bir zamanda perefabrik evlərin (hazır evlər) hazırlanıb ora çatdırılmasıdır. MÜSİAD üzvləri olaraq topladığımız pullarla perefabrik evlər burada qurulur və TIR-larla Türkiyəyə yollanır. Türkiyənin Azərbaycandakı səfiri hörmətli Cahid Bağçı da koordinasiyanın təşkilində müstəsna xidmət göstərir”.
İş adamı toplama məntəqələrində ilk günlərdə çox maraqlı hadisələrlə qarşılaşdığını deyib:
“Yaşlı insanlar öz pensiyaları ilə qida və ya geyim alırdılar. Məktəblərdən yardımla bağlı zəng edirdilər. Uşaqlar isti paltar, yemək, bəzən öz oyuncaqlarını zəlzələ bölgəsindəki uşaqlara dəstək olaraq göndərirdilər.
İnanıram ki, Türkiyə bu ağrı-acının altından tez bir zamanda qalxacaq, toparlanacaq. Dünən Türkiyə, Şimali Kipr və Azərbaycanın 210 televiziya kanalı üzərindən canlı yayım oldu. İnsanların tez bir zamanda normal həyatlarına qayıtması üçün böyük ianələr etdilər”.
X.İbrahimov bu işdə dəstək olan bütün vətəndaşlarımıza öz təşəkkürünü bildirib:
“Dövlətimizin Azərbaycan xalqının başını uca etməyinin şahidi olduq. Dünyada ən çox və ilk yardım göndərən Azərbaycan idi. 800-ə yaxın FHN işçiləri, könüllülər getmişdi. MÜSİAD-ın daxilində də ora könüllü getmək üçün heyət yaradılıb. O heyətə mən də könüllü olaraq yazılmışam. İnşallah orada yaşayan qardaş-bacılarımıza həm mənəvi, həm də maddi dayaq olmaq üçün zəlzələ bölgəsini ziyarət edəcəyik, Azərbaycandan gedən yardımlar necə paylanır, onların şahidi olacağıq”.
Onun sözlərinə görə, “Qardaş Köməyi” Platforması tərəfindən 100-ə yaxın TIR Türkiyəyə gedib:
“Bura Azərbaycanın hər yerindən toplanan yardımlar daxildir. Maddi yardımlar isə AFAD-ın hesabına köçürülüb. Perefabrik evlərin qurulması üçün MÜSİAD-ın üzvləri arasında 130 min manata yaxın pul toplanıb.
Azərbaycana ordan çox sayda körpə uşağı olan ailəli insanlar gətirilib. Onlar bizim xəstəxanalarda müayinə və müalicə olunurlar. Azərbaycanı öz vətəni hesab edirlər. Türkiyəyə səyahət edən zaman deyirəm ki, biz bir məmləkətik, bir millətik, eyni coğrafiyanın insanlarıyıq, gələcəyimizi qurmaq üçün bir-birimizə hər zaman dayaq durmalıyıq.
Mən o bölgələri – Hatay, Osmaniye, Adana, Malatyanı çox gözəl tanıyıram. Azərbaycanın hər qarış torpağını necə sevirəmsə, Anadolu torpaqlarını da o cür sevirəm. Oraları gəzmişəm, bizə qarşı istiqanlıqlarını görmüşəm.
Göyçay rayonundan gənc bir oğlan orada 5 TIR-a qədər mal toplamışdı. Deyir ki, bir ananın, atanın övladı olduğumuz üçün biz də onlar üçün nəsə edə bilərik. Azərbaycanın bütün bölgələrindən – Naxçıvan, Qazax, Bərdə, Yevlax, Mingəçevir, cənub bölgəsi, Quba və s. rayonlardan olan insanlar öz şəxsi təşəbbüsü ilə yardımlar ediblər. Məni ən çox heyrətə gətirən Ağdam oldu. 3 il öncə savaş bölgəsi olan rayondan çox sayda TIR-lar getdi. Dəstək olmaq, paylaşmaq, humanistlik bizim qanımızda, canımızda var. İkinci Qarabağ savaşından biz bu birliyin şahidi olduq. Zəlzələdə də dövlətimizin başında dayanan şəxslərdən tutmuş adi vətəndaşa kimi hər kəs bir oldu. İnşallah Türkiyə bunun öhdəsindən tez bir zamanda gələcək və oranın əvvəlki vəziyyətinə qaytarılması üçün biz də onlarla birlikdə nəticələrə nail olacağıq”.
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) 9 May 1990-cı ildə İstanbulda qurulub. Azərbaycanda 1 yanvar 2018 tarixində fəaliyyətə başlayıb.
Gülnar Səlimova
Globalinfo.az