savas tank

Polşa Prezidenti Andjey Duda Rusiyanın ölkəsinə hücum ehtimalını gündəmə gətirərək, bunu birbaşa NATO-ya hərbi müdaxilə kimi dəyərləndirib. Onun bu açıqlaması dünyanın yeni bir hərbi toqquşma ərəfəsində olması haqda versiyaların gündəmə gəlməsinə səbəb olub.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov A.Dudanın bu sözlərinin Rusiya rəhbərliyinin açıqlamalarından qaynaqlandığını bildirib:

“Son zamanlar Rusiya tərəfindən digər Qərb dövlətlərinə ünvanlanan təhdid xarakterli açıqlamalar səsləndirilir. Rusiya prezidentinin açıqlamaları bu ölkənin Ukrayna ilə deyil, NATO ilə apardığı mübarizədən xəbər verir. Polşa prezidentinin bu fikirləri Rusiya rəhbərliyinin açıqlamalarına cavab olaraq dəyərləndirilə bilər”.

Politoloq Rusiyanın ikinci bir cəbhədə Qərblə mübarizə ehtimalının mümkünlüyünü qiymətləndirib:

“Nəzərə almalıyıq ki, hazırkı məqamda NATO-Rusiya qarşıdurmasının yaşanması böyük fəlakətlərin baş verməsi ehtimalını göz önünə gətirir. Düşünmürəm ki, Rusiya Ukrayna ilə müharibədə olduğu mövcud vəziyyətdə ikinci bir cəbhə açaraq, məhz, NATO ölkəsinə hücum etsin. Ukrayna NATO ölkəsi olmadığı halda belə Rusiyanın bu ölkə ilə mübarizəsi çətin məsələdir. NATO üzvü olan dövlətlər, həmçinin digər Qərb ölkələri Ukraynaya bu və ya digər formada silah-sursat, hərbi texnika dəstəyini, maddi yardımları davam etdirirlər. Bir növ, bu müharibəni maliyyələşdirirlər. Polşa kifayət qədər böyük dövlətdir. Bütün bunları nəzərə alaraq indiki məqamda Rusiyanın bu ölkəyə hücum edəcəyinə inanmıram”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: