“Qərb mətbuatında 2023-cü ildə beynəlxalq aləmə problem yaradacaq münaqişələr barədə məqalələrin sayı artıb. Bu münaqişələrdən biri kimi Çin-Hindistan sərhədində gərginliyin artacağı da göstərilib”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Hindistanda hesab edirlər ki, iki ölkənin sərhədçiləri arasında Himalay bölgəsində yenidən toqquşma ehtimalı var:
Elxan Şahinoğlu
“Çin sərhədin bu hissəsində hərbi varlığını gücləndirir, sərhədə dağ yolları inşa edir. Hindistanda hazırlanan hesabatlarda toqquşmaların intensivləşəcəyi proqnozlaşdırılır.
Bu toqquşmalar zamanı Çin hərbçilərinin irəliləyə biləcəyi vurğulanıb. Çin sərhədin dağlıq hissəsini Hindistanın içərilərinə doğru çəkməyə çalışır. Sərhədin dağlıq hissələri bufer bölgə sayılır.
Çin-Hindistan sərhədinin uzunluğu 3 min 500 kilometrə yaxındır. Sərhədin dağlıq hissəsindəki mübahisə 1950-ci illərdən davam edir. 2020-ci ilin yay aylarında toqquşma zamanı 24 hərbçi həlak olub. Gərginliyin artmaması üçün hər iki ölkənin hərbçiləri və diplomatları şifahi razılıq əldə ediblər. Ancaq şifahi razılaşma müvəqqətidir.
Maraqlıdır ki, Çin və Hindistan müxtəlif platformalarda əməkdaşlıq edirlər. Buna baxmayaraq, Hindistanda min nəfər arasında aparılan sorğu zamanı iştirakçıların təxminən yarısı Çini ölkələri üçün ən böyük təhlükə kimi qiymətləndiriblər”.
Turan Rzayev
Globalinfo.az














