ABŞ-ın dövlət katibi Marko Rubio Fələstin dövlətinin yaradılması üçün əsas şərtin İsrailin razılığı olduğunu bəyan edib.
Globalinfo.az xəbər verir ki, o, bu fikrini “Fox Radio”ya verdiyi müsahibədə səsləndirib.
“Fələstini tanıyan ölkələrin heç biri Fələstin dövləti yarada bilməz. Əgər İsrail razı deyilsə, heç bir Fələstin dövləti mövcud ola bilməz”, – Rubio bildirib.
O, əlavə edib ki, Fələstinin birtərəfli şəkildə tanınması əks nəticələrə yol aça bilər. Dövlət Departamentinin rəhbəri bu ölkələrin Fələstin dövlətinin harada yerləşəcəyi və kimin tərəfindən idarə olunacağı barədə belə qərar verə bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, bu açıqlama Fransanın Fələstin dövlətini tanıyan ölkələrin koalisiyasını formalaşdırmaq təşəbbüsündən sonra verilib. Koalisiyaya artıq Andorra, Avstraliya, Kanada, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Yeni Zelandiya, Norveç, Portuqaliya, San Marino, Sloveniya və İspaniya qoşulub.
Tahir Turan
Globalinfo.az