ABŞ Prezidenti Donald Tramp Hindistana qarşı əlavə ticarət tədbirləri tətbiq etməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, Tramp həftənin sonunda Rusiya ilə ticarətə görə Hindistana qarşı atılacaq addımları açıqlayacaq.
Jurnalistlərin suallarını cavablandıran Tramp Hindistanla münasibətlərdə mövcud ticarət kəsirinə diqqət çəkərək bu ölkənin dünyada ən yüksək idxal rüsumlarından bəzilərinə malik olduğunu bildirib.
“Onlar bu tarifləri əhəmiyyətli dərəcədə azaltmağa hazırdırlar, lakin danışıqların nəticəsini gözləyəcəyik”, – deyə o bildirib.
ABŞ lideri əlavə edib ki, razılaşma əldə olunub-olunmamasından və ya əlavə tariflərin tətbiqindən asılı olmayaraq bütün təfərrüatlar yaxın günlərdə açıqlanacaq.
Xatırladaq ki, Tramp daha əvvəl “Truth” sosial şəbəkəsində avqustun 1-dən Hindistandan gətirilən mallara 25%-lik idxal rüsumu tətbiq ediləcəyini bəyan etmişdi. O, qərarını Hindistanın ticarət məhdudiyyətləri və Rusiya ilə hərbi-enerji əməkdaşlığı ilə əlaqələndirib.
Tahir Turan
Globalinfo.az