serencam 1

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Globalinfo.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-1.1-ci maddəsində, 14-1.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 14-1.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 14-1.5-ci maddəsinin birinci cümləsində və 14-1.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 14-1.1-ci maddəsində, 14-1.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 14-1.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 14-1.5-ci maddəsinin birinci cümləsində və 14-1.6-cı maddəsində “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:

1.2.1. qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən qeyri-hökumət təşkilatlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;

1.2.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti;

1.2.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddində dəyişiklik edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228 (Cild I); 2024, № 7, maddə 789, № 12 (I kitab), maddə 1292) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə “5-1.1-ci” sözləri “5-2.1-ci” sözləri ilə, “5-1.8-ci, 5-1.9-cu” sözləri “5-2.8-ci, 5-2.9-cu” sözləri ilə əvəz olunsun və həmin bəndə “13.3-1-ci,” sözlərindən sonra “14-1.1-ci maddələrində, 14-1.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 14-1.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 14-1.5-ci maddəsinin birinci cümləsində, 14-1.6-cı,” sözləri əlavə edilsin;

3.2. 2.4.1-ci yarımbənddə “ölkələrin” sözü “dövlətlərin” sözü ilə əvəz edilsin;

3.3. 2.5-ci bənddə “5-1.4-cü” sözləri “5-2.4-cü” sözləri ilə, “5-1.6-cı” sözləri “5-2.6-cı” sözləri ilə əvəz edilsin;

3.4. 2.5-1-ci bənddə “5-1.1-ci” sözləri “5-2.1-ci” sözləri ilə, “5-1.9-cu” sözləri “5-2.9-cu” sözləri ilə əvəz edilsin;

3.5. 2.9-1-ci bənddə “5-1.8-ci” sözləri “5-2.8-ci” sözləri ilə əvəz edilsin;

3.6. aşağıdakı məzmunda 2.13-2-ci bənd əlavə edilsin:

“2.13-2. həmin Qanunun 14-1.1-ci maddəsində, 14-1.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 14-1.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 14-1.5-ci maddəsinin birinci cümləsində və 14-1.6-cı maddəsində “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:

2.13-2.1. qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən qeyri-hökumət təşkilatlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;

2.13-2.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti;

2.13-2.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi;”.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1501 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.16-2-ci yarımbənd əlavə edilsin:

“3.1.16-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatları yoxlamaq;”.

***

Prezident İlham Əliyev “Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Globalinfo.az bildirir ki, fərmanda deyilir:

“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1541 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə, 2.1-ci və 2.2-ci bəndlərdə “və yenidənhazırlanma növləri” sözləri “istiqaməti” sözü ilə əvəz edilsin.

2. 4-cü hissə üzrə:

2.1. 4.1-ci bənddə “növü” sözü “istiqaməti” sözü ilə əvəz edilsin;

2.2. 4.2-ci bənd ləğv edilsin;

2.3. 4.3-cü bənddə “və yenidənhazırlanma növləri” sözləri “istiqaməti” sözü ilə əvəz edilsin.

X X X

Prezident İlham Əliyev Milli Məclisin aprelin 11-də qəbul etdiyi Vergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. 

Globalinfo.az xəbər verir ki, həmin qanunlar “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlardır.

Xatırladaq ki, Prezident İlham Əliyevin 28 fevral 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın 8.4.1-ci yarımbəndində benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasının yaradılması üçün normativ hüquqi əsasların formalaşdırılması öz əksini tapıb.

Qanun Milli Fəaliyyət Planının müvafiq tələbinə uyğun olaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla qəbul olunub. Belə ki, qanun layihəsi hazırlanarkən Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 24-cü (hüquqi şəxslərin şəffaflığı və benefisiar mülkiyyətçiləri) və 25-ci (hüquqi təsisatların şəffaflığı və benefisiar mülkiyyətçiləri) Tövsiyələrinə istinad edilib. Həmin Tövsiyələr hüquqi şəxslərin və hüquqi təsisatların öz benefisiar mülkiyyətçilərini müəyyən etməsi, ölkə tərəfindən benefisiar mülkiyyətçilərə dair məlumat bazasının formalaşdırılması, o cümlədən bu prosesdə öhdəlik daşıyan şəxslərin hüquqi şəxs və hüquqi təsisat olan müştərilərinin benefisiar mülkiyyətçiləri barədə məlumatlarından istifadə edilməsi öhdəliyini müəyyən edir.

FATF-In 24-cü Tövsiyəsi benefisiar mülkiyyətçi məlumatlarının əldə oluna bilməsi üçün 3 fərqli mexanizmi nəzərdə tutur. Bu mexanizmlərdən biri, yəni öhdəlik daşıyan şəxslər tərəfindən müvafiq məlumatların əldə edilməsi tələbi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda təsbit olunsa da, digər iki mexanizm qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmayıb.

Bunlar hüquqi şəxslərin özləri tərəfindən benefisiar mülkiyyətçi məlumatlarının reyestrinin aparılması, hüquqi şəxslərin dövlət qeydiyyatı prosesində benefisiar mülkiyyətçilərin müəyyən edilərək reyestrin formalaşdırılması mexanizmləridir. Bu mexanizmlərin qanunvericilikdə təsbit edilməsi ilə qeyd edilən beynəlxalq standartların qanunvericiliyə implementasiyası həyata keçiriləcək.

Beləliklə, qeyd olunanlar nəzərə alınmaqla, qanun layihəsi aşağıda göstərilən məsələlərə dair hüquqi mexanizmlərin yardılmasını nəzərdə tutur:

– hüquqi şəxslərin dövlət qeydiyyatı mərhələsində yaradılacaq hüquqi şəxsin benefisiar mülkiyyətçisinə (mülkiyyətçilərinə) dair məlumat və sənədlərin təsisçilər tərəfindən səlahiyyətli dövlət orqanına təqdim edilməsi;

– maliyyə institutlarının lisenziyalaşdırılması mərhələsində təsisçi xarici hüquqi təsisat olarsa, bu barədə məlumatların səlahiyyətli dövlətorqanına təqdim edilməsi;

– təqdim edilmiş məlumat və sənədlərin benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasına daxil edilməsi;

– benefisiar mülkiyyətçilərin reyestrinə daxil edilmiş məlumatların həqiqiliyinin maliyyə monitorinqi orqanı tərəfindən yoxlanılması.

Layihənin qəbul edilməsi ilə hüquqi şəxslərin benefisiar mülkiyyətçilərinə dair dürüst, dəqiq, yenilənmiş məlumatları əks etdirən mərkəzləşdirilmiş məlumat bazasının formalaşdırılması təmin ediləcəkdir, bu isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin effektivliyinin artmasına xidmət edəcək.

X X X

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis olunub.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, yubiley medalı ilə Azərbaycanın fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif ediləcəklər.

Yubiley medalı döşün sol tərəfinə, digər orden və medalları olduqda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılacaq.

Paylaş: