Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım göndərilib.
Globalinfo.az xəbər verir ki, elektrik avadanlıqlarından ibarət yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
Məlumata görə, vəsait çərçivəsində göndərilən ilkin humanitar yardım yükünə elektrik kabelləri, naqillər və transformatorlar daxildir.
Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən təchizat müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yardımların ümumi məbləği 40 milyon dolları keçib.