Xəbər verdiyimiz kimi, Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolu tikiləcək. Layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, layihənin icra müddəti 2025-2030-cu illəri əhatə edir. Bundan başqa, Bakı dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolunun layihələndirilməsi, tikintisi və istismara verilməsi də Dövlət Proqramında öz əksini tapıb. Eyni zamanda, Bakı−Şamaxı−Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirmək üçün müxtəlifsəviyyəli yol ötürücüsünün tikintisi və istismara verilməsi də qeyd olunan müddət ərzində reallaşdırılacaq.
Məlumdur ki, bu layihələr hazır olana kimi Bakıda və Abşeronda əhali sayı da artacaq, nəqliyyat vasitələri də. Necə ki, son 15-20 ildə Bakı və ətraf qəsəbələrdə yeni yollar, körpülər və tunellər artıq yükü çəkməkdə aciz qalır. Yaxın 5 il ərzində nəzərdə tutular layihələr bitəndən sonra eyni vəziyyət təkrarlanmayacaq?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev təqdimatda maraqlı fikirlərin olduğunu qeyd edib.
Onun sözlərinə görə, deyilənlər qısa zamanda icra olunarsa, yaxın illərdə fərqli hərəkətlilik müşahidə etmiş olacağıq:
“Burada söhbət yalnız yol tikməkdən getmir. Əsas hansı yolların tikilməsidir. Məsələn, şəhər ətrafı dairəvi yolların öz funksiyası var. O da nəqliyyat vasitələrinin sürətli hərəkətini təmin edəcək. Yəni onların şəhərə daxil olmadan daha sürətli və fərqli istiqamətdən gəliş-gedişi təmin ediləcək ki, bu da çox önəmlidir. Çünki müəyyən sayda tranzit şəhərə daxil olub, yol şəbəkəsini yükləmiş olur. Ona görə də yeni alternativlər yaradılmalıdır ki, həmin avtomobillər şəhərə daxil olmadan səfərlərini təşkil edə bilsinlər. Lakin gün ərzində şəhərə gələn və gedənlər üçün daha çox çeşidli, üstünlüyü təmin olunmuş və ən əsası relsli nəqliyyat növləri inkişaf etməlidir. Bununla bağlı artıq anons verilib. Bu, şəhərətrafı dəmir yol şəbəkəsinin, şəhərin daxilində metro şəbəkəsinin və yüngül relsli dəmir yol sistemi tramvayların yenidən şəhərimizə qaytarılmasıdır. Əgər yaşayış məntəqəsinə yaxın dəmir yolu varsa, o yolla qatarların hərəkəti, əlaqələndirən avtobus yolu təmin olunmalıdır. Belə olduğu halda insanlar həmin məntəqələrdə yaşamağa daha çox meyilli olur. O ərazilərdə adam sayının artması həm də iqtisadi aktivliyə, yaşayış bölgələrində və şəhərdəki yükün bir hissəsinin parçalanmasına gətirib çıxaracaq”.
Ekspertin fikrincə, şəhərətrafı olan elektrik qatarları yerüstü metro funksiyasını daşımalıdır:
“Bunun üçün də bəzi infrastruktur məsələləri həll edilməlidir ki, sürətli əlaqə təmin olunsun. Bilirsiniz, sərnişin trafikini yük trafikindən ayırmaq üçün müəyyən dəmir yolları tikilməlidir. Beləliklə gündüz saatlarında olan fasilələr aradan qaldırılmış olar. Şəhərə ən böyük axın Sumqayıt, Xırdalan, Bakı istiqamətindədir. Düşünürəm, səhər saat 6-dan axşam 12-ə qədər 15-20 dəqiqəlik intervalla hərəkəti təmin edə bilsək, Bakı-Sumqayit arasında olan prioritet dəmir yoluna doğru dəyişəcək. Bundan başqa, elə həmin istiqamətdə Baş planda da nəzərdə tutulmuş əlavə dayanacaqlar Sumqayıt 2, Xırdalan 2, Binəqədi, Dərnəgül, Keşlə, Nərimanov, Böyükşor kimi yerlərə verilməklə sərnişinlərə şəhərin daxilində fərqli nöqtələrdən çıxış imkanı yaranmış olacaq”.
Rauf Ağamirzəyev
Rauf Ağamirzəyev yeni tikiləcək metrostansiyalar barədə danışıb:
“Nəzərdə tutulmuş 10 metro stansiyasının tikilməsi şəhərə əsas şimal istiqamətindən olan axını nəzərə alıb. Beləliklə də “Bənövşəyi xətt”in inkişafına daha çox diqqət ayrılıb. Bu da çox doğru qərardır. Çünki həmin xətt digər xətlərlə yanaşı daha uzun platformalara sahibdir. Başqalarında 5 vaqondursa, burada 7 vaqondur. Eyni zamanda tramvay xətlərinin də çəkilməsi nəzərdə tutulur. Burada da elə bir istiqamət seçilib ki, orada nə metro, nə dəmir yolu var. Məsələn, “28 May” m/s-dan başlayaraq Azadlıq Prospekti boyunca Binəqədi-Məhdiabad, həm də Pirşağı stansiyasından üzü “Sea breeze” yaşayış məntəqəsi istiqamətində tramvay xəttinin çəkilməsi nəzərdə tutulub. Bununla yanaşı keçən il başladılmış işlərin davamı da gözlənilir. Bu, avtobuslar üçün ayrılmış zolağdır. Əslində, çox vacib bir elementdir. Çünki avtobus zolağının üstünlüyü təmin olunduqdan sonra onun sürəti və sərnişin sayı artıb. Eyni zamanda 35 km-lik mikromobillik zolaqları təşkil olunub. Bunun da 100 km-ə çatdırılması nəzərdə tutulub. İcarəyə velosipedlər verilir və s. Bunlar hamısı şəhər sakinləri üçün yeni alternativlərdir. Qeyd olunanlar kompleks halda davam edərsə, mütləq ümumi sıxlıq və tıxaca birbaşa təsir edəcək”.
Nəqliyyat eksperti deyib ki, şəhərdə qısa məsafədə olan piyada səkilərinin vəziyyətinə də diqqət ayırmaq lazımdır:
“Çünki hazırda bu, baryerlidir, davamlı deyil, narahatdır. Keçidlər şəhər daxilində eyni səviyyəli, işıqforla nizamlanan olmalıdır ki, insanlar məhz piyada gəzməyə meyilli olsun. Belə olmadığı təqdirdə paytaxt sakinləri piyada və ya ictimai nəqliyyata yox, şəxsi avtomobilə üstünlük verəcək. Daha çox avtomobil yenə sıxlığa və piyada səkilərinin zəbtinə gətirib çıxaracaq. Ona görə burada bu növlərə diqqət ayırmalıyıq. Əgər hazırda çoxluq şəxsi avtomobillə hərəkət edirsə, onun alternativləri formalaşdırmalıdır ki, insanlar maşınla hərəkət etməkdən çəkinsin. Yəni çox zəruri deyilsə, avtomobildən istifadə etməsinlər. Biz şərait yaradaq, şəhər sakini özü qərar versin ki, piyadamı gəzəcək, skuterləmi, avtobuslamı, tramvaylamı, metro ilə, şəhərətrafı elektrik qatarı ilə, taksi və yaxud fərdi nəqliyyatla. Amma mütləq şərait yaradılmalıdır. İnsanların daha rahat səfərlərini təşkil edə bilməsi üçün digər qeyd olunan növlərə diqqət və investisiya artırılmalıdır”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Mövzu: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
Zaira Akifqızı
Globalinfo.az