Yaralıların son vəziyyəti açıqlandı

Yaralıların son vəziyyəti açıqlandı

“Təyyarə qəzasından sonra Azərbaycana gətirilmiş bir nəfərə sabah osteosintez əməliyyatı icra olunacaq”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu “Yeni Klinika”nın baş həkimi Eldar Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Həkim deyib ki, dünən klinikaya 7 radələrində 14 xəstə daxil olub:

“Xəstələr gələndə neyrocərrahi, travmatoloji briqada hazır gözləyirdi. “Yeni Klinika”da müalicə alan xəstələrdən bir nəfərin vəziyyəti hazırda ağır, digər bir nəfərin vəziyyəti isə orta ağırdır. Xəstələrdə bədənin müxtəlif küt travmaları, sümük sınıqları, bir xəstəyə baldır sümüyünün açıq-qəlpəli sınığı diaqnozu qoyulub. Sabah bir nəfər xəstə osteosintez əməliyyatına alınacaq”.

Xatırladaq ki, dekabrın 26-da “Yeni Klinika”ya gətirilmiş 14 xəstədən 13-ü palata şəraitində, biri isə reanimasiyada müalicə alır.

***12:02

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində xəsarət alan və ötən gün Bakıya gətirilən yaralıların ilkin müayinləri aparılıb, vəziyyətləri qənaətbəxşdir.

Globalinfo.az “Report”a istinadən bildirir ki, bunu səhiyyə naziri Teymur Musayev Yeni Klinikada müalicəsi davam edən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə Qazaxıstanda müalicəsi davam edən 3 nəfərin vəziyyəti orta ağırdır:

“Həmin şəxslərin müalicəsi daim nəzarət altındadır. Bakıdan oraya həkim və tibb bacısı qrupu göndəriləcək”.

Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.