Son vaxtlar sosial şəbəkələrdə Türkiyə, Avropa sosioloqları, sosial media fenomenləri israrla iddia edirlər ki, 2030-cu ilə doğru dünyada iqtisadi və sosial baxımdan qorxunc hadisələr baş verəcək. Bildirilir ki, qarşıdakı 5-6 ildə dünyanı kütləvi kasıblıq gözləyir.
Bir ara deyilirdi ki, 2012-ci ilin 21 dekabrında dünyada fövqəladə hadisə baş verəcək. Guya “qədim Maya tayfalarının təqviminə görə dünyanın sonu gəlir” deyilirdi. Bundan təşvişə düşən milyonlarla insan ərzaq, şam, kibrit, su stokladı. İndi də buna oxşar PR aparılır.
Bu çıxışlar manipulyasiyadır? Daha çox baxış əldə etmək, kütlələri süni şəkildə öz fikirlərinə möhtac etmək metodudurmu?
Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, dünyada hazırda baş verən münaqişələr bəşəriyyətə yaxşı heç nə vəd etmir:
“Yaxın Şərqdəki hərbi toqquşmalar və Rusiya-Ukrayna müharibəsi böyük resurs itkiləri ilə nəticələnməkdədir. Bu müharibələrin dünya iqtisadiyyatına birbaşa və dolayı təsirləri yetərincədir. Bu münaqişələr nə vaxt yekunlaşacaq? Müharibənin fəsadlarını aradan qaldırmaq üçün yüz milyardlarla dollar vəsaitlər hansı vergi ödəyicilərinin ciblərindən götürüləcək?
Fikrət Yusifov
İndi dünyanın digər bölgələrində münaqişə ocaqlarının qızışaraq müharibə müstəvisinə keçmək təhlükəsi də olduqca real görünür. Bir sözlə, dünya sakit bir durumda deyil və onun hər yerində gərginliklər artmaqdadır. Bu vəziyyət dünyanın yenidən bölgüsü prosesi başa çatana qədər belə olacaqdır.
Kimdir dünyanı yenidən bölmək istəyənlər? Təbii ki, iki böyük nəhəng – ABŞ və Çin bu gün iqtisadi müstəvidə bir-birini yenmək üçün amansız mübarizə aparırlar. Onlar dünyada ən böyük güc sahibi olmaq üçün çəkinmədən özlərindən kiçik dövlətləri müharibələr yolu ilə çökdürməkdədirlər. Ən bariz nümunə Rusiya-Ukrayna müharibəsidir. Üç ilə yaxındır, davam edən bu amansız müharibədə tərəflərdən heç birinin qalib gəlməsinə imkan verilmir. Çünki bu müharibədə kiminsə qalib gəlməsi böyük güclərin hədəfində olan məsələ deyil. Hədəf onları zəiflədib özündən asılı vəziyyətə salmaqdır. Hədəf bu oyuna Avropa Birliyini cəlb edib, onu Rusiya ilə üz-üzə qoyaraq zəiflətməkdir. Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurmanı yaradan ABŞ bu gün AB-ni dərin bir böhran quyusuna salmış oldu. İndi Avropa nə qədər çalışsa da bu quyudan çıxa bilmir. Bu gün Avropanın aparıcı dövlətlərinin yaşadığı iqtisadi tənəzzül bu dediklərimizin sübutudur.
Beləliklə, qarşıdakı illərdə bəşəriyyəti, gerçəkdən yaxşı heç nə gözləmir.
Bu yerdə 2020-ci illərin sonlarına doğru dünyada baş verəcək şirin su qıtlığının yaradacağı fəsadları da yaddan çıxartmaq olmaz. Mütəxəssislərin fikrincə, 2028-ci ildə dünya su qıtlığının ən çətin günlərini yaşayacaq. Su qıtlığı aqrar sektorda ərzaq məhsullarının istehsalında ciddi problemlər və öz növbəsində ərzaq qıtlığı deməkdir”.
Sosioloq Əhməd Qəşəmoğlu isə məsələyə belə münasibət bildirib:
“2012-ci ildə yayılan məlumatlar zamanı dəfələrlə açıqlama verib əhalini xəbərdar etmişdim ki, qorxulu heç nə yoxdur. Belə halın baş verməsi mümkün deyildi. Hətta radioların biri proqnozlaşdırılan müddətdə məni verilişə dəvət etmişdi. Mən o zaman əhalini sakitləşdirməklə məşğul idim.
Ümumiyyətlə, “Ahəngyol” elmi belə halları proqnozlaşdırmağa imkan verir. Amma proqnoz fəhm deyil. Müəyyən elmi təhlillər əsasında ortaya çıxır. Daha ciddi elmi metodlarla düzgün proqnozlar vermək mümkündür. Proqnozlar iki cür olur: axtarış və normativ proqnozu.
Axtarışda proseslərin dinamikasına diqqət yetirilir. Gələcəkdə hansı hadisələrin yaranacağını göstərir.
Əhməd Qəşəmoğlu
Normativ isə potensial imkanları nəzərə alaraq müəyyən normaların təyin edilməsi və bu istiqamətdə proseslərin idarə olunmasıdır. Bunu məhdud məkanda, bir ölkə daxilində etmək daha asandır.
İndiki halda həqiqətən də böyük təhlükə var. Əhali sürətlə artır, tənbəlləşir, cəmiyyət gərginləşir, insanlar müxtəlif siyasi hadisələrlə məşğul olur və s. nəticədə istehsal məsələlərinə çox diqqət verilmir. Axtarış proqnozlarına əsasən sadalanan fikirləri təsdiq edirəm. Lakin biz bu kimi problemlərdən qaça bilərik. Aparılan normativ proqnozlara əsasən sözügedən problemlərdən çıxış yolu tapmaq mümkündür.
Azərbaycanın çox böyük potensialı var və biz bundan istifadə etməliyik. Ona görə də dövlət tərəfindən müəyyən proqramların hazılanması tapşırığı gələrsə, böyük məmnuniyyətlə, heç bir təmənnasız bunu yerinə yetirərəm. Kəndlərdə gənclər iş tapa bilmədiyi üçün paytaxta üz tutur və nəticədə həmin bölgələrdə ərzaq lazımi səviyyədə tədarük olunmur. 2030-50-ci illərə müəyyən normalar tərtib etmək olar”.
Sosioloq sözügedən normaların nədən ibarət olduğuna da aydınlıq gətirib:
“İlk növbədə kəndlərdə, şəhərlərdə yaşayan gənclərdə biznes təfəkkürü formalaşdırılmalıdır. Çünki bütün inkişaf etmiş ölkələrin gənc nəslində bu meyar mövcuddur.
Dəfələrlə yoxlamışam ki, gənclərə müəyyən yollar göstərdikdə, çevik şəkildə həmin istiqamətdə çalışmağa başlayır. Vətəndaşlarımızın beyni bu sahədə yaxşı inkişaf edib. Müəyyən vərdişlərimiz var.
Elə etməliyik ki, kəndlilər ancaq kənd təsərrüfatı məhsulu istehsal etməklə məşğul olmalıdır. Onlara müəyyən şərait yaratmaq lazımdır. Cüzi faizlə kredit verilməlidir. Traktor stansiyaları olmalıdır və s. Bununla da ölkədə planlı şəkildə kənd təsərrüfatı məhsullarının istehsalına nail olacağıq. Bu istehsal baş tutan zaman dərhal kəndlinin qapısından məhsulu almaq lazımdır. Həmin şəxsin kənddən Bakıya məhsul gətirməsi düzgün deyil. Bu sahədə mövcud problemlər aradan qaldırılarsa, daha keyfiyyətli göstəricilərin şahidi olacağıq”.
Safura Bənnayeva
Globalinfo.az