Avropa İttifaqı (Aİ) Donlad Trampın prezident seçkilərində qalib gəlməsi ehtimalına qarşı indidən ABŞ ilə genişmiqyaslı ticarət müharibəsinə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” öz mənbələrinə istinadən məlumat yayıb.
Aİ-nin adının çəkilməsini istəməyən yüksək vəzifəli diplomatlarından biri nəşrə açıqlamasında Brüsselin ABŞ-a sürətli və sərt cavab zərbəsi endirəcəyini bildirib. Başqa bir diplomat isə cavab tədbirlərinə Avropa Komissiyasının rəhbərlik etdiyini deyib. O, ittifaqın bu müharibədən qalib çıxacağını söyləyib.
Qəzet yazır ki, Avropada Trampın hələ də onlara qarşı 2018-ci ildə tətbiq etdiyi gömrük rüsumlarını yaxşı xatırlayırlar. Aİ-nin bu dəfə Tramp qarşısında geri çəkilməyəcəyi qeyd edilib:
“Ötən dəfə biz inanmırdıq ki, Tramp bu qədər uzağa gedər. Bu dəfə isə hazırlaşmaq üçün vaxtımız olub. Avropa çox dəyişib və biz hərəkət etməyə hazırıq”.
“Politico”ya görə, Avropanın məqsədi Trampı təcili addımlarla çıxılmaz vəziyyətə salıb, onlarla danışıqlara məcbur etməkdir. Bunun isə Aİ üçün əlverişli şərait yaradacağı bildirilib. Lakin qəzetin mənbələri bu vəziyyətin qarşılıqlı zərbələr nəticəsində uzun illər davam edəcəyini də istisna etməyiblər.
Əliyar Xəlil
Globalinfo.az