bayden netanyahu 0

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Bayden administrasiyasına bildirib ki, o, nüvə və neft obyektlərinə deyil, İrandakı hərbi obyektlərə zərbə endirmək istəyir. Bunun ətrafında bir müddətdir, müzakirələr gedirdi. Amma görünür planda müəyyən dəyişikliklər olub.

İsrail əməliyyatlara başlayırmı? Əgər fikrini dəyişib nüvə obyektlərinə zərbə endirərsə, nə baş verər?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, bu il ərzində İran iki dəfə İsrailə zərbə endirib:

“Bu zərbələrin, xüsusilə də aprel ayında həyata keçirilən birinci hücum əməliyyatlarının effektivliyi çox aşağı oldu. Atılan raket və PUA-ların 99 faizi İsrail hava hücumundan müdafiə sistemləri və müttəfiqləri ABŞ, Britaniya, İordaniyanın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildi. İkinci hücum əvvəlkindən bir az fərqli olsa da onun da verdiyi zərər çox böyük deyildi. İsrailin dövlət fəlsəfəsi düşmənlərinə qarşı amansız mövqe və qabaqlayıcı tədbirlər həyata keçirmək, sərt cavablar verilməsi üzərində qurulur. İranın həyata keçirdiyi bu əməliyyatlara İsrail cavab verəcək. İsrail hökuməti Baş nazir Netanyahuya belə bir səlahiyyət verib”.

Politoloqun sözlərinə görə, İrana necə zərbə vurulacağı ilə bağlı İsrail və müttəfiqləri arasında fikir ayrılıqları var idi:

oqtay qasimov 5

Oqtay Qasımov

“ABŞ İsrail və İran arasında geniş miqyaslı müharibənin başlamasında maraqlı deyil. Çünki ABŞ ikinci cəbhənin açılmasını istəmir. Prezident seçkiləri həlledici mərhələyə qədəm qoyub. Əgər savaş başlayarsa, hazırkı administrasiyanın əleyhinə işləyəcək. Bayden mümkün qədər İsraili daha sərt cavablardan çəkindirməyə çalışır. İsrail İranın hücumlarından sonra İrana vurulacaq zərbələrin sarsıdıcı və çox ağır nəticələrinin olacağını açıqlayıb. İsrail əslində İranın bir neçə istiqamətdə strateji obyektlərinə zərbə endirməyi planlayır. Bunlardan birincisi nüvə obyektləri, ikinci neft-qaz emalı sənayesi, üçüncüsü Bəndər-Abbas daxil olmaqla körfəz və Hind okeanı ətrafındakı limanları, SEPAH-a məxsus hərbi hissələrin vurulması gündəmdə idi. ABŞ ilk gündən nüvə obyektlərinin bombalanmasının əks təsir edəcəyini, eksalasiyanı daha da genişləndirəcəyi ehtimalını irəli sürərək buna qarşı çıxdı. İsraili də bu fikirdən daşındırmağa çalışır”.

Oqtay Qasımovun fikrincə, əsas enerji ixracatçılarından biri olan İrana vurulan zərbə dünya enerji bazarında olduqca ciddi dəyişikliklərə gətirə bilər:

“İranın neft-qaz sənayesinin əsas əhəmiyyətli hissəsi körfəzdə yerləşir. Körfəzdə savaş olarsa, dünya neft-enerji ehtiyatlarının 45 faizinin cəmləşdiyi bu ərazidə baş verən qarşıdurma, tədarükün dayanması dünya iqtisadiyyatına mənfi təsir edə bilər. İsrail ABŞ-ın da mövqeyini nəzərə almaq məcburiyyətindədir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: