Bir müddətdir mediada Rusiya-Ukrayna müharibəsi ilə bağlı fərqli yanaşmaların sərgiləndiyinin şahidi oluruq. Belə ki, ya Ukrayna Prezidenti Volodimir Zelsnkinin Qərblə sülh danışıqlarını müzakirə etdiyi, gah da əksinə, Ukraynanın yeni, daha güclü silahlarla Rusiya dərinliklərinə hücum etməyə hazırlaşdığını əks etdirən xəbərlər yayılmaqdadır. Əsasən də Qərb mediasının verdiyi bu məlumatların reallığı əks etdirib-etirmədiyi isə maraq doğurur.
Savaş nə vaxta kimi davam edəcək? Tərəflərin potensialı hara qədər çatacaq?
Globalinfo.az-a danışan politoloq Sahil İskəndərov deyib ki, Qərb mətbuatında tirajlanan yazılar, bəyanatlar əsassız deyil:
“Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a son səfəri zamanı təqdim etdiyi “qələbə planı” Vaşinqtonda soyuq qarşılanıb. Orada konkret addımlardansa, Ukraynanın silahlandırılması, Qərb silahları ilə Rusiyanın daxilinə zərbə endirməyə icazə verilməsi kimi məsələlər müzakirə olundu.
Böyük Britaniya, Almaniya, ABŞ və Fransa liderlərinin oktyabrın 12-nə planlaşdırılan görüşü Ukrayna münaqişəsinin həllinə dair Ramşteyn sammiti ilə birlikdə ləğv edilib. ABŞ prezidenti Floridaya yaxınlaşan “Milton” qasırğasına hazırlıq işlərini bəhanə edərək görüşə getməyəcəyini bildirib. Digər tərəfdən ABŞ dövlət katibi Entoni Blinken də bu görüşə qatılmayacağını açıqladı. Bəs bunun səbəbi nədir? Görünür, Ukrayna müharibəsindən Qərb yorulub. Bu müharibə çox xərclər aparıb. Ukraynaya dəstək verən, yardımların göndərilməsində həvəsli olan ölkələrin belə hərbi potensialı tükənib. Bu baxımdan Rusiya ilə ayaqlaşa bilmirlər. Rusiyanın hərbi istehsalına çatmaq üçün onlara azı 1 il vaxt lazımdır”.
Politoloqun sözlərinə görə, Rusiyanın tədricən Ukrayna ərazilərini ələ keçirməsi fonunda Qərb Ukrayna layihəsini köhnəlmiş sayır:
“İddialara görə, Qərb müəyyən ərazilərin Rusiyaya güzəşt edilməsi üçün Zelenskiyə təzyiq göstərir. Bunun qarşılığında ABŞ Ukraynaya təhlükəsizlik qarantı verəcək. Nəticə etibarilə Ukrayna əlində qalan ərazilərlə birlikdə NATO-ya üzv olacaq. Lakin bu iddialar qeyri-səmimidir. Qərbin bu və ya digər şəkildə Ukraynanı Alyansa qəbul edəcəyini düşünmürəm. Volodimir Zelenski də belə təklif ilə razılaşa bilməz. Bu onun həm siyasi, həm də fiziki cəsədə çevrilməsi demək olar. Məsələ burasındadır ki, səsləndirilən fikirlərlə heç Rusiya da razılaşa bilməz ki, Ukrayna hər hansı formada NATO üzvü olsun. Kremlin əsas istəyi Ukraynanın blokdan kənar dövlət statusuna malik olmasıdır. Lakin dərc olunan materialların hazırda müəyyən əsasının olması istisna deyil. Qərb Ukrayna rəhbərliyinə təzyiq göstərmək qabiliyyətindədir. Avropada da Ukraynaya yardım məsələsində narazılıq dalğası genişlənməkdədir. Əvvəldən düşünülmüş ssenaridir: “Silah bizdən, qırılan sizdən”. Yəni heç bir ölkə Ukrayna əvəzinə müharibədə döyüşməyəcək”.
Sahil İskəndərov qeyd edir ki, Ukrayna layihəsi Rusiyanın Qərb qarşısında zəifləməsi üçün bir oyun idi:
“Böyük dövlətlərin ənənəvi siyasətində bu kimi vəziyyətlə qarşılaşırıq. İstənilən halda Rusiyanın potensialı Ukraynanın potensialından qat-qat güclüdür. Doğrudur, ümumilikdə Ukraynaya yardım edən ölkələrin potensialı daha çoxdur. Lakin Rusiya da tarixən heç vaxt nə canlı, nə də texniki itkilərlə hesablaşıb. Əsas problem də bundadır. Qərbdə istənilən insanın itkisi faciə kimi qəbul olunursa, cəmiyyətdə antihərbi əhval-ruhiyyə gücləndirilir. Amma Rusiyada bu əksinədir. Ukrayna ərazilərini itirmək istəməsə də Rusiya az-az irəliləməkdədir. Qərb Kiyevi Rusiyaya təhvil verməyə hazırlaşır”.
Safura Bənnayeva
Globalinfo.az














