Minsk qrupu

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib ki, artıq keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir.

İlham Əliyev Minsk Qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını deyib: “Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk Qrupunun saxlanmasına nə ehtiyac var?!”.

ATƏT-in Minsk Qrupu niyə hələ də fəaliyyət göstərir?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Minsk Qrupunun hələ də rəsmi şəkildə ləğv edilməməsinin texniki və siyasi olmaqla iki səbəbi görünür:

“Texniki səbəb qrupun ləğvi ilə bağlı prosedurdur. Burada ATƏT məsələni müzakirəyə çıxarmaq və səs çoxluğu ilə qərar qəbul etməlidir. Lakin bu yekdil mövqeyin mövcud vəziyyətdə əldə edilməsində xüsusilə keçmiş həmsədr dövlətlərin geosiyasi toqquşmasının açıq müstəviyə keçdiyi vaxtda ortaq qərarın verilməsində çətinlik var.

Siyasi səbəb isə başda həmsədr dövlətlər olmaqla, Minsk Qrupunun de-yure mövcudluğunu regional maraqları üçün istifadə etmək istəyən, yaxud gələcəkdə istifadə etmək üçün qalmasını istəyən qüvvələrin olmasıdır. Qarabağ münaqişəsi bitib və bu məsələyə görə mövcud olan Minsk Qrupu da de-fakto ləğv edilib, lakin görünür, qrupu de-yure saxlamaqla ondan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etmək istəyirlər.

Asif0nerimanli 3 900x600 1

Asif Nərimanlı

Minsk Qrupunun ləğvinin gündəmə gətirilməsinin yollarından biri də Azərbaycan və Ermənistanın birgə müraciətidir. Rəsmi Bakı İrəvana belə bir təklif ünvanlayıb, lakin Ermənistanın özü də bu qrupun de-yure qalmasında maraqlı tərəfdir. Birincisi, danışıqlarda “Minsk qrupunun ləğvi qarşılığında nə isə əldə etmək” prinsipindən yanaşırlar. İkincisi, regionda şərtlərin dəyişə biləcəyi ümidi-perspektivi üçün de-fakto olmasa da, de-yure qalmasını istəyirlər.

Fikrimcə, rəsmi Bakı Minsk Qrupunun de-yure ləğvini ATƏT-də gündəmə gətirməli və Ermənistanın da eyni mövqedən çıxış etməsi üçün təzyiqlərini artırmalıdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: