Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 105 ili tamam oldu. Son illər Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub.
Globalinfo.az-a danışan VI çağırış Milli Məclis deputatı Arzu Nağıyev deyib ki, DSX Azərbaycan Silahlı Qüvvələri içərisində öz dəst-xətti ilə seçilən, 44 günlük müharibədə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə aparan ən mühüm strukturlardan biridir:
“Prezident İlham Əliyevin həmin strukturda ali rütbələrin verilməsi istiqamətində atdığı addımlar onlara olan ən böyük dəstəkdir. Müasir texnika ilə silahlanmış sərhəd qoşunları 44 günlük müharibədə bir daha göstərdi ki, ciddi milli kadrlarımız, ən müasir texnikanı idarə edə biləcək, texnologiyalardan anlayışı olan şəxsi heyətimiz var.
Arzu Nağıyev
Sərhəd qoşunları Azərbaycana daxil olan qonaqları qarşılayan birinci strukturdur. Onların ölkəmiz haqqında fikir yaratmaq imkanları daha çoxdur. Bu gün sərhəd qoşunlarının kadrları və akademiyası səviyyəsində hazırlanan müdavimlər mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq səviyyədə Azərbaycan sərhəd qoşunlarının koordinasiyalı fəaliyyəti də təqdirəlayiqdir”.
Arzu Nağıyev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə sərhədlərin möhkəmləndirilməsi, sərhəd qoşunlarının strukturlarının bərpa olunması mühüm haldır:
“Qazax istiqamətində sərhədlərin bərpası, delimitasiya və demarkasiya proseslərində iştirak da olduqca əhəmiyyətlidir. Azərbaycan xalqı bilir ki, çox ciddi sərhəd qurumumuz var və təhlükəsizliyimizə təhdidin qarşısını almaqda müstəsna xidmətlətə malikdir”.
Safura Bənnayeva
Globalinfo.az