Qənirə Paşayevanı bu şəxsin əvəz edəcəyi deyilir  

Qənirə Paşayevanı bu şəxsin əvəz edəcəyi deyilir  

Ötən həftə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun deputatlığa namizəd olması ictimaiyyətdə xeyli təəccüb və maraqla qarşılandı. Çünki son 1 həftəyə kimi onun deputat olacağı ilə bağlı heç bir söhbət, ilkin informasiya yox idi. Ona görə də, səfirin anidən bu cür qərar verməsi təbii ki, medianın, o cümlədən də fəal ictimai-siyasi şəxslərin marağına səbəb oldu.

Globalinfo.az-a daxil olan məlumata görə, Polad Bülbüloğlu yalnız millət vəkili olmaqla kifayətlənməyəcək. Onun Mədəniyyət Komitəsinin sədri vəzifəsinə gətiriləcəyi deyilir.

Xatırladaq ki, VI çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri mərhum deputat Qənirə Paşayeva idi. O, 2023-cü ilin sentyabr ayında dünyasını dəyişdikdən sonra komitənin sədr müavini Fazil Mustafa onun yerinə keçdi.

Qeyd edək ki, Polad Bülbüloğlu uzun illər mədəniyyət naziri vəzifəsində çalışıb. Onun bu sferanı yaxşı bilməsi Mədəniyyət Komitəsinə gətiriləcəyi haqda iddiaların yayılmasına səbəb olub. Bülbüloğlunu önə çıxaran əsas məqam isə mədəniyyət elitası ilə işləyə biləcək qədər təcrübəyə sahib olmasıdır.

Fazil Mustafadan söz düşmüşkən, belə bir iddia da var ki, F.Mustafa yeni parlamentdə müxalifəti təmsil edəcək vitse-spiker postunu tutacaq. Onun hazırda bu postda müxalifəti təmsil edən Fəzail İbrahimlini əvəz edəcəyi deyilir.

Xatırladaq ki, Fəzail İbrahimli Vətəndaş Həmrəyliyi Partiyasından deputatdır.

Zaira Akifqızı

Globalinfo.az