Yeni Azərbaycan Partiyası VI çağırış Milli Məclisin bəzi deputatlarının növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib. Onlardan biri də 2020-ci ildə 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputat seçilən Əliabbas Salahzadədir.
Globalinfo.az məsələ ilə bağlı Ə.Salahzadə ilə əlaqə saxlayıb.
O, adının YAP-ın siyahısından çıxarıldığını təsdiqləyib:
“Bu, partiyanın daxili qərarıdır. Belə məsləhət olubsa, heç bir söz deyə bilmərəm. Açığı hamımız partiyanın qərarını gözləyirdik. 5 ilə yaxın Milli Məclisdə fəaliyyətim oldu. Bundan sonra Azərbaycan vətəndaşı olaraq ölkəmiz üçün əlimizdən gələni edəcəyik. Yenə də dövlətimizin, dövlətçiliyimizin yanındayıq. Yeni namizədlərə uğur arzu edirəm”.
Ə.Salahzadə bundan sonra kənardan namizədliyini irəli sürməyəcəyini bildirib:
“Hər işdə bir xeyir var. Namizədliyimi irəli sürməyəcəm, qanunla sürə də bilmərəm. Bundan sonra hansı işlə məşğul olacağımla bağlı qərar verməmişəm. Hamı bir gün gəlir, bir gün də gedir. Əbədi deputat olacam deyə bir qanun da yoxdur. Əsas odur ki, verilən qərarlar ölkəmiz üçün xeyirli olsun. İnanıram ki, yeni namizədlər üzərlərinə düşən fəaliyyətlərini layiqincə davam etdirərlər. Hamıya uğurlar arzu edirəm!”
Zaira Akifqızı
Globalinfo.az