Globalinfo.az İstanbul Universitetinin doktorantı, politoloq Teymur Qasımlı ilə müsahibəni təqdim edir:
– Teymur bəy qısa da olsa Qərbi Azərbaycanın tarixi haqqında məlumat verərdiniz?
– Çoxəsrlik tarixə, zəngin mədəniyyətə malik, yerli sakinləri Azərbaycan türkləri olan, orta əsrlərdə inşa edilmiş əzəmətli memarlıq abidələri ilə şöhrət qazanan Azərbaycan qədim və orta əsrlər dövründə şərəfli bir tarixi yol keçmişdir. Azərbaycan haqqında (həmçinin Cənubi Qafqaz) qədim Yunan tarixçisi Herodot (b.e.ə. V əsr), coğrafiyaşünas, tarixçi Strabon (b.e.ə. I əsr, b.e-nın I əsri), XVII əsrdə yaşamış səyyahlardan: Alman səyyahı Adam Oleari, Osmanlı səyyahı Övliya Çələbi, Fransız səyyahı C.Şarden, rus tədqiqatçısı İ.N.Şavrov və s. öz əsərlərində tarixi əhəmiyyəti olan məlumatlar verirlər. Azərbaycanın ərazisi və orada əzəldən yaşamış qədim tayfalar haqqında ilk və geniş məlumat “Tarixin atası” adlanan qədim Yunan tarixçisi Herodotun “Tarix” əsərində verilmişdir (4, s.7). Mənbələrdə ən qədim türk tayfalarının Azərbaycanda b.e.ə. III-I minilliklərdə yaşadıqları göstərilməklə yanaşı, Azərbaycanın əzəli və yerli sakinlərinin türk tayfalarından ibarət olduğu təsdiq olunmuşdur. Təsadüfi deyil ki, Əməvilər sülaləsinin (661-750) 1-ci nümayəndəsi xəlifə Müaviyyə (661-680) türklərin Azərbaycanla əlaqəsini soruşanda, ona vəziri belə cavab vermişdir: “Azərbaycan qədimdən türk tayfaları tərəfindən məskunlaşmış ölkədir”. Tarixdən məlumdur ki, Azərbaycanın, həmçinin Qərbi Azərbaycan ərazisinin əzəli və yerli sakinləri Azərbaycan türkləri olduğu halda, ermənilər isə bu ərazilərə Çar Rusiyasının təşəbbüsü ilə tarixin müəyyən mərhələlərində xarici ölkələrdən köçürülərək gəlmə bir xalqdır. E.ə. VI əsrin əvvəllərində Urartu dövləti süqut etdikdən sonra İrəvanətrafı Azərbaycan torpaqlarında yaşayan əhalinin tarixində yeni mərhələ başlanmışdır. E.ə. VI-IV əsrləri əhatə edən bu mərhələ Urartu dövlətinin süqutundan Makedoniyalı İsgəndərin Şərqə yürüşünə qədərki dövrü əhatə edir. Bu dövrdə Azərbaycanın İrəvanətrafı ərazilərində yaşayan qədim tayfaların bir sıra yeni yaşayış məskənləri meydana gəlmişdir. Azərbaycanın qərbində, əsasən də İrəvanətrafı ərazilərdə yaylaq və qışlaq maldarlığı ilə məşğul olan İskit tayfalarına aid xeyli sayda maddi-mədəniyyət abidələri aşkar edilmişdir. Arxeoloji tədqiqatlar nəticəsində onların izlərinə İrəvan ətrafında, Göyçə gölü hövzəsində, Ağbaba, Pəmbək, Şörəyel yaylaqlarında rast gəlinmişdir. İrəvanətrafı ərazilərdə şirin su qaynaqlarının, flora və faunanın, təbii resursların zəngin olması insanların bu ərazidə qədim zamanlardan məskunlaşmasına şərait yaradan başlıca amillər olmuşdur. Qərbi Azərbaycanın Göyçə, Şörəyel, İrəvan, Dərələyəz, Gərnibasar və digər ərazilərindən müasir Azərbaycan türklərinin əcdadlarına aid dolixokran kəllə sümükləri aşkar edilmişdir. Göyçə gölü ətrafındakı qədim yaşayış məntəqələrinin bir çoxunun dörd min ildən artıq yaşı var. Şörəyeldə Son Tunc və Erkən Dəmir dövrlərinə aid qəbir abidələrindən tapılmış kəllə sümüklərinin braxikran, armenoid yox, məhz yerli türk boylarına aid dolixokran və uzunsifət olması öz təsdiqini tapmışdır. İskitlərin müasir Ermənistan ərazisində məskunlaşması ilə bağlı qədim mənbələrdə verilən məlumatlar arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələri və antropoloji dəlillərlə öz təsdiqini tapmışdır. Tarixi ərazilərimiz mövcud Azərbaycan Respublikasından çox böyükdür. Bir vaxtlar vahid orqanizm kimi bütöv Vətən olan bu ərazilər tarixin amansız siyasi təlatümləri ilə qarşılaşdıqdan sonra əhəmiyyətli dərəcədə kiçildi, parçalandı və bir-birindən aralı düşdü. Tarixi Azərbaycanın önəmli hissələrindən biri də onun qərbidir, hansı ki hazırda üzərində Ermənistan Respublikası elan edilmiş, tamamilə yad bir etnosun torpağına çevrilmişdir.
– XIX əsrdən başlayaraq Qərbi Azərbaycan əhalisinin siyahıya alınması başlayır. Bunun bu gün üçün əhəmiyyəti nədir?
– Qərbi Azərbaycan əhalisinin ilk siyahıyaalınmaları 1846-cı ildə belçikalı Adolf Ketlenin rəhbərliyi ilə keçirilmişdir. Ölkədə və ya onun məhdud hissəsində yaşayan əhali haqqında demoqrafik, sosial, cinsi, iqtisadi məlumatların toplanması, ümumiləşdirilməsi və nəşrinin prosesi kimi tərif verilir. Əhali siyahıya almalarında bu işin aparıldığı ərazidə yaşayan əhalinin bütövlükdə əhatə olunması, siyahılaşdırmanın dövriliyi, bütün ərazidə vahid proqram və vahid qayda üzrə keçirilməsi əsas prinsip kimi götürülür. Bu iş iki metodla reallaşdırılır: sorğu və özünüsayma. Azərbaycanda olduğu kimi, Rusiya imperiyası tərkibindəki İrəvan quberniyası əhalisinin ilk müasir əhali siyahıyaalması 1897-ci ildə olmuşdur . Baxmayaraq ki, bu siyahıyaalmada müəyyən dərəcədə təhriflər müşahidə olunur və bu günə qədər mühüm əhəmiyyətə malikdir. 1926, 1937, 1939, 1959, 1970, 1979 və 1989-cu illərdə Sovet İttifaqında, o cümlədən, Ermənistan SSR-də siyahıyaalmalar keçirilmişdir. 1989-cu ildə keçirilən siyahıyaalma sovet əhali siyahıyaalması tarixində sonuncu siyahıyaalma olmuşdur. 1989-cu il siyahıyaalmasının tarixdə mühüm yeri var. Onu da qeyd edək ki, bu siyahıyaalma bütün ərazidə vahid proqram və vahid qayda prinsipinə əməl etmədi. Əhali haqda verilən məlumatların çoxu saxtalaşdırılmışdır. Daha doğrusu, 1988-89-cu illərdə Ermənistan SSR-də baş verən hadisələr zamanı ölkə ərazisində yaşayan azərbaycanlıların əksəriyyəti yurd-yuvalarından qovulmuşdular. Bütün dövrlərdə əhali ilə bağlı olan problemlər ölkənin sosial-iqtisadi və siyasi inkişafına təsir göstərir. Bu baxımdan hər bir ölkənin ərazisində keçirilən siyahıyaalma müvafiq dövrdə sosial-iqtisadi, siyasi və mədəni dəyişiklikləri özündə əks etdirir.
– Teymur bəy, Qərbi Azərbaycan deyəndə haranı nəzərdə tuturuq?
– Qərbi Azərbaycanın inzibati-coğrafi sərhədlərinin ümumi uzunluğu 1570 km-dir. Bu hüdudlar Şahdağ silsiləsi-Qarabağ dağlıq yaylası boyunca Şərqi Azərbaycanla 996 km, cənubdan Cənubi Azərbaycanla 44 km (Araz çayı boyunca), Türkiyə Cümhuriyyəti ilə (İğdır və Qars vilayətləri) 311 km, Gürcüstan Respublikası ilə (Dağ Borçalı yaylası) 219 km məsafədə qonşudur. Ərazinin 4,7%-i su, 95,3%-i quru hissələrindən ibarətdir. Göyçə gölü ətrafı dağlarının su hövzəsinə enən hissələrində kiçik sahələrdə tektonik-laqun mənşəli çöküntülərdən ibarət düzən, vadi relyef formaları da əmələ gəlmişdir: cənub-qərbdə Mənuçər vadisi (Atamxan-Başkənd-Yeni Bəyazid kəndləri arasında), cənub-şərqdə Məzrə vadisi (Böyük Məzrə kəndi ətrafında). Qərbi Azərbaycanın relyef strukturlarının, makro-mikro relyef elementlərinin (ümumilikdə müsbət qalxma formalarının) endogen (daxili) və ekzogen (xarici) amillərin təsirinə məruz qalması nəticəsində ayrı-ayrı hissələrdə müxtəlif ölçülü-formalı dağarası çökəkliklər, yüksəkliklər və tirələr, qalxmalar və sınmalar, bir-birindən fərqli ekosistem kompleksi yaranmışdır. Bu hal isə Qərbi Azərbaycan təbiətinin özünəməxsusluğunu fərqləndirən əsas təbii amildir.
– Qərbi Azərbaycanın erməniləşdirilməsinə necə başlanıldı?
– Bildiyimiz kimi, Türkmənçay müqaviləsinin imzalanmasından sonra polkovnik Lazarev ermənilərin köçürülməsi işinin ona tapşırılması ilə əlaqədar olaraq 1828-ci il fevral ayının 14-də Paskevicin qarşısında vəsatət qaldırdı. Onun fikrincə, ermənilər müharibənin gedişində Rusiyanın qələbəsi üçün əllərindən gələni etmişdilər və buna görə də onların Rusiyada yaşamaq arzusuna diqqətlə yanaşılmalı idi. İran ərazisində yaşayan ermənilərin sürətlə Rusiyaya köçürülməsinin təşkili üçün polkovnik Lazarev aşağıdakıları təklif edirdi:
1) Köçürülmə işlərinə rəhbərlik etmək üçün Paskeviç tərəfindən ona yazılı sərəncam verilsin və bu sərəncamda köçənlər üçün nəzərdə tutulan güzəştlər də öz əksini tapsın;
2) köçürmə işlərinə rəhbərlik üçün qərargah yaradılsın və həmin qərargahda işləyə biləcək kadrların seçilməsi ona həvalə edilsin;
3) iqlim şəraitinə görə köçürülmə işləri ləngiyən yerləri rus ordusu tərk etməsin və köçənlər rus bölmələri tərəfindən müşayiət olunsun;
4) köçkünlər içərisində maddi imkanları zəif olanlara dövlət xəzinəsindən vəsait ayrılsın.
1828-ci ildə Naxçıvan və İrəvan xanlıqları ərazisindən yeni bir inzibati mərkəz – erməni vilayəti təşkil edildi. Bunun təşkili ilə azərbaycanlıların öz doğma torpaqlarında sıxışdırılması prosesi müntəzəm xarakter aldı. Hansı ki, erməni vilayəti təşkil edilən zaman həmin ərazidə olan 752 yaşayış məntəqəsindən 62-si erməni kəndi idi. Paskeviçin Qafqaz rus ordusuna baş komandan təyin edilməsi və onun bacısı oğlu A.Qriboyedovun da Rusiya Xarici İşlər Nazirliyinin bölmələrindən birinə başçılığı bu prosesi daha da sürətləndirdi. Ermənilərin kütləvi şəkildə işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi isə Türkmənçay və Ədirnə müqavilələrində rəsmiləşdirilmişdi. Müəyyən edilmiş şərtlər daxilində İran və Osmanlı dövlətlərindən köçürülmüş 130 mindən çox erməni keçmiş İrəvan, Qarabağ, Naxçıvan və digər xanlıqların ərazisində yerləşdirildi. Ermənilər qazandıqları demoqrafik yüksəlişi “siyasi status”a çevirmək üçün xalqımıza qarşı xəyanətlərini sonadək davam etdirdilər. Çar I Nikolay Türkmənçay müqaviləsindən qısa bir müddət sonra, martın 21-də İrəvan və Naxçıvan xanlıqları əsasında mərkəzi İrəvan olan “Erməni vilayəti” yaratdı və onu çar tituluna daxil etdi. Belə bir fərmanın meydana gəlməsini təsadüfi hesab etmək olmaz. Ermənilərin burada ciddi təsiri ilə yanaşı, Rusiya imperiyası Osmanlı və Qacarlar ilə sərhəddə özünə etibarlı dayaq yaratmaq istəyirdi. Beləliklə, ermənilər “Erməni vilayəti” kimi siyasi status aldılar. Vilayət idarəsində təmsil olunan Aştaraketski bundan istifadə edərək müsəlmanların sıxışdırılması ilə ermənilərin mövqeyini daha da möhkəmləndirməyə çalışırdı. Bununla yanaşı, vilayətin erməniləşdirilməsi istiqamətində də işlər genişləndirildi. “Erməni vilayəti”nin təcrübəsi göstərdi ki, ermənilər kilsə, ticarət və siyasi intriqalarda nə qədər çevik olsalar da, dövlətçilik sahəsində o dərəcədə naşı olaraq qalırdılar. Çar I Nikolayın 1837-ci il Qafqaz səfəri zamanı erməni vilayətini yaratmaqla ermənilərə nə dərəcədə önəm verdiyini də göstərmək istəyirdi. Onun burada qarşılaşdığı mənzərə isə hökmdarı özündən çıxardı. “Erməni vilayəti”nə dair həmin dövrdə yazılan və çap edilən nəşrlər də vilayətin real vəziyyətini gizlədə bilmirdi. Yarıtmaz fəaliyyətinə görə erməni Bebutov başda olmaqla vilayət administrasiyası işindən uzaqlaşdırıldı. 1840-cı ildə isə “Erməni vilayəti” ləğv edildi. Ermənilər siyasi statusdan fərqli olaraq kilsənin mövqeyini möhkəmləndirməyə nail oldular. 1836-cı ildə Erməni Qriqorian Kilsəsi haqqında Əsasnamə onun hüquqi vəziyyətini sabitləşdirdi.
Alban kilsəsi ilə tarixi mübarizə erməni kilsəsinin xeyrinə həll edildi. Erməni kilsəsinin mərkəzi olan Eçmiədzin “Erməni vilayəti”ndə də təsirli rola malik oldu. Ermənilər siyasi məsələlərdəki problemlərə baxmayaraq, kilsənin mənafeyinə qarşı yönələn hər hansı bir addımı qəti müqavimətlə qarşıladılar. Bu özünü 1903-cü ildə göstərdi.
Teymur Qasımlı
– Qərbi Azərbaycan mövzusu niyə beynəlxalq münasibətlərdə ən çox müzakirə olunan məsələlərdəndir?
– Qərbi Azərbaycan məsələsi hazırda dünyanın siyasi gündəminə qədəm qoyub. Baxmayaraq ki, bu mövzuda beynəlxalq arenada məlumat azdır. Səbəb ondan ibarətdir hazırda beynəlxalq hüquqda Qərbi Azərbaycan Ermənistanın ərazisi kimi tanınır. Amma buna baxmayaraq qısa zaman olsa Azərbaycan dövləti tərəfindən, əsas da Qərbi Azərbaycan İcması tərəfindən Qərbi Azərbaycan məsələsinin Avropa paytaxtlarında tanınması prosesi gedir. Ona görə Azərbaycan dövləti, İcma planlı şəkildə Qərbi Azərbaycan məsələsini dünyanın gündəminə çıxarır. Məsələn, Qərbi azərbaycanlı soydaşlarımıza dəyən ziyan beynəlxalq məhkəmələrə çıxarılsa, daha məqsədə uyğun olar və beynəlxalq aləmdə tanınmasına təkan verər. Biz nə qədər düzgün beynəlxalq hüquq çərçivəsində təbliğat aparsaq, bu iş uğurlu olacaq. Əsas dünyanın önəmli siyasi mərkəzlərində düzgün iş qurmaqdır.
– Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı necə mümkündür?
– Hazırda Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi bağlanması üçün danışıqlar gedir. İki ölkə arasında birbaşa gediş-gəliş yoxdur. Sülh müqaviləsi bağlandıqdan sonra gediş-gəlişin necə mümkün olacağı bilinmir. Amma Ermənistanda yaşamış Qərbi azərbaycanlıların öz hüquqlarının bərpa olunması üçün işlər görülməlidir. Onların ora qayıdışı, dəyən ziyanın ödənməsi və geri qayıtmaları üçün düzgün planlı beynəlxalq hüquq çərçivəsində işlər görülməlidir. Bu yaxınlarda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən hazırlanan “Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı” sərlövhəli məruzə 5 bölmədən ibarətdir. Birinci bölmədə azərbaycanlıların Ermənistandan deportasiyası prosesinin tarixinə nəzər salınır. Deportasiyanın mərhələləri barədə detallı məlumat verilir. İkinci bölmədə qrup məlumatları, sorğu yekunları və zərərçəkmiş şəxslərdən, hadisə şahidlərindən alınan müsahibələr təhlil edilir. Üçüncü bölmədə azərbaycanlıların Ermənistana qayıdışı prosesi ilə bağlı mümkün siyasi həll istiqamətləri – azərbaycanlı qaçqınların geri qayıdışı ilə bağlı məsələlər, onlar üçün sosial proqramların həyata keçirilməsi, həmçinin Ermənistan hökuməti tərəfindən müvafiq hüquqi və inzibati tədbirlər görülməsi və icmalararası dialoqun təşviqi kimi məsələlər təklif edilir. Dördüncü bölmə əvvəlki bölmədə qeyd edilən təkliflərin icrası zamanı ortaya çıxa biləcək mümkün problem və çağırışları ehtiva edir. Nəticə bölməsində isə hərtərəfli təhlilin yekunu olaraq müvafiq tövsiyələr irəli sürülür. Mən bu planı dəstəkləyirəm, buna uyğun işlərin görülməsi tərəfdarıyam.
Məqalə “Qlobal Media və Siyasət Araşdırmaları” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycan mövzusu Mərkəzi Asiyada” adlı layihə çərçivəsində dərc olunub.
Qeyd: Müsahibədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Turan Rzayev
Globalinfo.az














