“Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri Cənubi Qafqaz regionunda İranın ideoloji və hərbi təxribat üsullarına adekvat olan müdafiə və hücum cavabı kimi başa düşülməlidir”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri haqda danışarkən deyib.
Onun sözlərinə görə, Türkiyənin müdafiə sənayesi özünün çiçəklənmə dövrünü yaşayır və beynəlxalq miqyasda özünə hakim mövqelərdən birini seçib, bura Türkiyə ordusunun yüksək səviyyəli döyüş qabiliyyətini və peşəkarlığını əlavə etsək, panorama daha aydın açılır:
“Azərbaycan da Türkiyənin “əkdiyi ağacların” bəhrələrindən gen-bol yararlanır və regional təhlükəsizlik üçün birgə immunitetlər yaradılıb.
Bu cür təlimlər strateji müttəfiqliyin davam etdirilməsi üçün onurğa sütunudur və iki ölkənin uzunmüddətli strateji perspektivləri üçün qapıları taybatay açır.
Təlimləri iki ölkənin münasibətlər sisteminin fövqünə çıxarsaq, burada başqa ölkələrin maraqlı olduğunu da görə bilərik.
Birincisi, Böyük Britaniya, Qərbin digər qanadlarından fərqli olaraq Türkiyəyə qarşı kampaniyalarda və ya fəaliyyətlərdə ümumi xora qoşulmur. Bu gün Britaniya Türkiyə və Azərbaycanın bəzən açıq, bəzən isə gizli tərəfdaşı kimi hərəkət edir.
Britaniyanı Cənubi Qafqazda iki oyunçu narahat edir: Rusiya və İran! Türkiyənin NATO üzvü olduğunu nəzərə alsaq, bu təlimlər həm də Britaniyanın regionda Rusiyanı çəkindirmək və onun maraqlarını zəiflətməsi üçün alətdir.
İkincisi, Türkiyənin İsraillə münasibətlər kitabında yeni səhifələri vərəqləməsi Azərbaycanın strateji maraqlarına uyğundur. Mümkündür ki, indi Bakı-Ankara-Təl-Əviv üçbucağında yeni əməkdaşlıq formatı üçün gizli danışıqlar aparılır.
Üçüncüsü, ABŞ Azərbaycana İran oxuna görə dəstək göstərir və mümkündür ki, Bakı-Vaşinqton masasında ən azından şərti hücumlar və ya müdafiə üçün birgə tədbirlər planı mövcuddur. Ağ Ev Türkiyənin Cənubi Qafqazdakı hərbi-siyasi mövcudiyyət şkalasında balını artırmasından narahat olsa da, İrana qarşı həmlədə Ankaranın mühüm əhəmiyyətə malik olduğunu dərk edir.
Bu üç məqam bir-biri ilə zəncirvari bağlıdır və ümumilikdə Azərbaycana, Türkiyəyə rəqib kimi baxan İrana ciddi mesajlarla zəngindir.
Mövzu ilə bağlı danışan politoloq Samir Hümbətov isə deyib ki, Azərbaycan-Türkiyə birgə təlimlərinin indiki məqamda keçirilməsi həm vacib, həm də zəruri idi:
“Aydın məsələdir ki, təlimlər ilk növbədə İrana açıq mesaj mahiyyəti daşıyır. Belə ki, bir müddət öncə həm İran mediası, həm də iranlı rəsmilər iddia edirdi ki, İran Azərbaycana hücum etsə onu Türkiyə belə müdafiə edə bilməyəcək. Əslində bu təlimlər bir daha onu göstərdi ki, Türkiyə hər zaman regiondadır və İranın təhdidlərinə layiqli cavab verə bilər. Düzdür, bizim öz gücümüz, ordumuz var, lakin bununla belə İranın təhdidlərinə bu təlimlər layiqli cavab oldu.
Hesab edirəm ki, Türkiyə-Azərbaycan təlimləri həm də digər ölkələrə açıq mesaj olmalıdır. Yəni bu gün təlimlər cənub sərhədlərində keçirilsə belə, istiqaməti dəyişə bilər. Azərbaycana qarşı yaranan təhdid həm də Türkiyəyə qarşı yaranmış deməkdir. Buna görə də tərəflər təhdidlərə qarşı birgə hərəkət edir.
Birgə təlimlər həm də digər türk ölkələri üçün nümunə olmalıdır. Bu gün Türkiyə və Azərbaycan birlikdə güc nümayiş edir və istənilən təhdidlərə sinə gəlməyi bacarır. Bu, digər türk dövlətləri üçün də belə ola bilər. Bunun üçün isə bütün türk ölkələrinin birlik olması lazımdır”.
Politoloq Əziz Əlibəylinin sözlərinə görə, Türkiyə-Azərbaycan birgə təlimi bütövlükdə İrana qarşı cavab mahiyyəti daşıyır:
“İranın son zamanlar artaq hərbi ritorikası qarşısında bu Azərbaycanın ikinci həmləsidir. Məlum olduğu kimi, bundan öncə rəsmi Bakı cənub sərhədlərində XTQ təlimini keçirmişdi. Belə hesab edirəm ki, burada üç vacib kod var:
Birincisi, Azərbaycan İranın təhdidlərinə hərbi xarakterli cavab verir. Bu çox ciddi mesajdır.
İkincisi, təlimlər cənub sərhədlərimizdə keçirilir.
Üçüncüsü, keçirilən təlimlər təxminən İranın bir müddət öncə keçirdiyi təlimlər ilə taktiki baxımdan eynilik təşkil edir. Bu isə öz növbəsində iki qoşun arasındakı real peşəkarlıq fərqini göstərir.
Birgə təlimlərin keçirilməsi mahiyyət etibarilə 90-cı, 2000-ci və sonrakı illərdə İran-Azərbaycan gərginliklərində Türkiyənin Azərbaycana verdiyi dəstəyi xatırladır. Həm illərdə də rəsmi Ankara Bakıya dəstək vermiş, Tehran isə bundan çəkinmişdir.
Hesab edirəm keçirilən bu təlimlər həm də Şuşa bəyannaməsinin icra edilməsi mənasına gəlir”.
Turan Rzayev
Globalinfo.az














