Norveç, İrlandiya və İspaniya Fələstin dövlətinin müstəqilliyini tanıdıqlarını bildirib. 28 may tarixində bu ölkələr rəsmi olaraq qərarlarını elan edəcəklər. Bununla da dünyada Fələstin dövlətini tanıyan ölkələrin sayı 146-ya çatacaq.
Qərbin İsrailə qarşı mövqeyi niyə dəyişib? ABŞ və Aİ bu məsələdə fərqli yanaşma sərgiləyir? Təl-Əviv hansı addımı atacaq?
Globalinfo.az-a danışan siyasi şərhçi Kamran Sultanlı deyib ki, son zamanlar Avropa ölkələrinin İsrailə qarşı mövqeyində dəyişikliyin bir çox səbəbi var:
“Birincisi, HƏMAS-ın İsrailə hücumu sonrası başlayan əməliyyatlar tədricən motivini dəyişib. Rəsmi Təl-Əviv HƏMAS-la müharibə aparsa da mülki şəxslərin həyatını itirməsinə əhəmiyyət vermir, İsrail vətəndaşlarının xilasına etinadsız yanaşır. Bu, Qərb dairələrində, xüsusilə də insan haqları təşkilatlarında ciddi narahatlıq yaradır.
İkincisi, son illərdə Avropa ölkələrində iqtidara sağ meylli milliyyətçi partiyalar, ya da onları təmsil edən şəxslər gəlir. Bu isə öz növbəsində İsrailə baxış bucağını dəyişdirir. Müqayisə üçün demək olar ki, Avropa siyasi şüuru tədricən 1930-cu illərə qayıdır.
Üçüncüsü, Avropa ölkələrinin Fələstinin müstəqilliyini tanıması və İsraili tənqid etməsi həm də HƏMAS faktoru ilə bağlıdır. Mətbuatda çox qeyd edilməsə də Norveç, İspaniya kimi ölkələr HƏMAS və bu kimi silahlı birləşmələri dəstəkləyir, Yaxın Şərqdə öz maraqlarını təmin edir. Xüsusilə Norveç kral ailəsi bu məsələdə aktivliyi ilə seçilir”.
Ekspert hesab edir ki, İsrailin HƏMAS-a ağır zərbə vurması və ya məğlub etməsi həm də bu ölkələrin Yaxın Şərq siyasətinə zərbədir:
“Bundan başqa, ələ keçirilən şəxslər onlara yardım edən Qərb ölkələrini ifşa edə bilər. Bununla belə Avropanın 3 dövlətinin Fələstinin müstəqilliyini tanıması İsrailin hökumətinin Qəzzada apardığı müharibəyə təsir etməyəcək. Çünki ABŞ-ın İsrailə dəstəyi davam edir və bu çox mühümdür”.
Turan Rzayev
Globalinfo.az