Əldə edilən razılaşmaya əsasən Azərbaycan 32 ermənini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad etdi. Artıq azad edilən ermənilərin bir neçəsinin İrəvana qaytarıldığı iddia edilir.
Düşmən ölkədə uzun müddət saxlanılan insanların vətənlərinə dönərkən psixoloji testlərdən, yoxlamadan keçirildikləri müşahidə edilir. Onların gizli agent olub olmadıqları yoxlanılır.
Bəs azad edilən erməni diversantlar öz ölkələrində filtrasiya istintaqından keçirilə bilərmi? Onlar Ermənistanda hər hansı yoxlanışa cəlb edilməsi gözlənilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi-siyasi ekspert Telman Qasımov həmin şəxslərin vətənlərinə çatar-çatmaz yoxlanış üçün təhlükəsizlik mərkəzinə aparıldığını bildirib.
Telman Qasımov
Ekspert bir müddət öncə İrəvana gedərək ata-baba yurdundan çəkdiyi görüntülərin Ermənistanda ajiotaja səbəb olmasından sonra hətta qaytarılan əsirlərə onun fotosunun göstərildiyini qeyd edib:
“İstənilən dövlət girovları qaytardıqda, onları bir müddət cəmiyyətdən təcrid edir. Həmin şəxslər ilk növbədə elə hava limanından dövlətin təhlükəsizlik xidmətinə aparılır, onların izahatı alınır. Psixoloji testlərdən keçirilirlər, qan analizləri götürülür. Əsirlikdə olduqları müddətdə başlarına nələrin gəldikləri, kimlərlə qarşılaşdıqları öyrənilir. Hətta məndə olan məlumata görə, Ermənistana göndərilənlərə mənim fotomu göstərib, haqqımda suallar verilir, məni tanıyıb-tanımadıqlarını soruşurlar. O cümlədən başqalarının da fotolarını göstərir, onlarla üzləşib-üzləşmədiklərini soruşurlar. Əslində bütün bunlar çox təbii proseslərdir, istənilən dövlət girovluqda, əsirlikdə qalan şəxsləri qaytardıqda onları filtrasiyadan keçirir”.
T.Qasımov Ermənistana qaytarılan şəxslərdən bəzən Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi istifadə edildiyini deyib:
“Bəzən qaytarılan şəxslərə yalan ifadələr verdirirlər, televiziyalara çıxarıb, Azərbaycanı guya onlara işgəncə verməkdə ittiham edirlər. Bu kimi hadisələrlə də üzləşirik, məlumdur. Bütün bunlardan Azərbaycana qarşı təbliğat məqsədi ilə istifadə edirlər. Dəfələrlə görmüşük ki, ölkəmizdə çox yaxşı qarşılanan, müsbət danışan ermənilər, İrəvana gedib bizim əleyhimizə çıxışlar etməyə başlayırlar.
Hesab edirəm ki, 32 erməninin İrəvana təhvil verilməsi Ermənistanda saxlanılan 2 hərbçimizin ölkəmizə qaytarılması üçün dəyərdi. Hamımız da bunu arzulayırdıq ki, hətta 50 nəfər də olsa, bu 2 gənc hərbçimizin qayıdışı üçün verək. Çox şükür ki, dövlətimiz bunu bacardı”.
Ayşən Mustafa
Globalinfo.az