“Əl-Qəssam” briqadası Qəzza sektorunda döyüş meydanında vəziyyətə nəzarət edir.
Globalinfo.az xəbər verir ki, bu barədə HƏMAS-n nümayəndəsi Usama Hamdan Livanda jurnalistlərə açıqlamasında deyib.
“Biz xalqımızı və bütün azad insanları əmin edirik ki, müqavimət və “Əl-Qəssam” briqadası qaydasındadır və döyüş meydanında vəziyyətə nəzarət edir. İşğalçılara deyirik: Döyüş hələ indi başlayır, getdikcə daha çox olacaq”, – deyə U.Hamdan bildirib.
İsrailin dinc sakinləri qətlə yetirməsinə cavab olaraq HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadası İsrailin paytaxtı Təl-Əvivə raket zərbəsi endirməyə başlayıb.
Qəzzada davam edən döyüşlər zamanı “Yasin 105” mərmisi ilə hədəf alınan tank və BTR-in vurulması ilə 7 israilli əsgər öldürülüb.
Fələstinin səhiyyə naziri May əl-Keyla deyib ki, “Əş-Şəfa” tibb kompleksi tamamilə İsrail tankları və əsgərləri tərəfindən mühasirəyə alınıb.
“Xəstəxana kompleksinin boşaldılması qərarını xəstəxana rəhbərliyi verir, kompleksdə çoxlu sayda yaralı olduğu üçün bu, mürəkkəb məsələdir. Çünki onların bir çoxu süni nəfəs aparatına qoşulub. Əgər bu sistem dayansa, dərhal öləcəklər”, – nazir bildirib.