bayden masin 1

İsrailin müdafiə naziri Yoav Qallant məlumat yayıb ki, HƏMAS Qəzza şəhərinə nəzarəti itirib. Artıq Qəzza qurudan və dənizdən tam nəzarətə götürülüb. HƏMAS-ın məğlub olacağı qaçılmaz görünür. Münaqişənin əvvəlindən ABŞ-ın prosesdə maraqlı tərəf olması faktı da danılmazdır. Lakin görünür, Ukrayna ilə paralel İsrail üzərindən də maraqlarını reallaşdırmaq rəsmi Vaşinqton üçün heç də asan olmayıb. ABŞ Dövlət katibi Antoni Blinken Bayden administrasiyasının İsrail və HƏMAS arasındakı münaqişəyə yanaşması ilə bağlı Departament daxilində fikir ayrılıqlarını etiraf edib.

Maraqlıdır, HƏMAS-ın məğlub olması fonunda Yaxın Şərqin bu ən qanlı və qaynar bölgəsinə sülh gələcəkmi? Bu mərhələdən sonra HƏMAS bitəcəkmi? Yoxsa bir neçə ildən sonra güclənib, yenidən İsrailin qarşısına dikiləcək? Bu mərhələnin qalibi olmaq, bütövlükdə prosesin və münaqişənin qalibi olmaqdırmı?

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, HƏMAS-İsrail qarşıdurmasının qalibi olmaq indiki məqamda heç nəyi ifadə etmir:

“Bu ancaq “Pirr qələbəsi” hesab oluna bilər. Çünki İsrail ordusu çox böyük itkilərlə üz-üzə qalıb və onun qlobal səviyyədə nüfuzuna çox ciddi ziyan vuran da heçə sayılan kiçik HƏMAS ordusudur.

qaynarinfo.az

Natiq Miri

Prosesin bitdiyini hesab etmirəm. Qəzza bütövlükdə həm qurudan, həm də limandan mühasirəyə alına bilər. Ancaq bu dirəniş davam edəcək. Nəticədə isə İsrailin bütövlükdə HƏMAS-ı bitirəcəyi mümkün belə deyil. Hər bir qəzzalı bundan sonra HƏMAS-çıdır. İsrail rəhbərliyi hansısa xəyallar, yalançı dini vədlərlə yaşayır. Reallıqdan çox uzaq hesablar aparırlar. İsrail elə sarsılacaq ki, regional və qlobal səviyyədə beynəlxalq münasibətlər sistemindən tamamilə kənarda saxlanacaq”.

Politoloq qeyd edir ki, İsrail çox sürətlə Rusiyanın düşdüyü vəziyyətə doğru irəliləyir:

“Dünyada qütbləşmə prosesi gedir. Bir tərəfdə İsraili müdafiə edən ABŞ və sayı çox az olan tərəfdarları, digər tərəfdə isə hər gün sıraları genişlənən, Türkiyənin başda olduğu böyük koalisiya dayanır. Türkiyənin apardığı siyasət haqlı və ədalətli olduğu üçün bu sayın daha da artması gözləniləndir. Bu gün heç bir dünya dövləti körpə uşaqların xəstəxanalarda can verməsinə göz yuma bilməz. Bütün qlobal güclər silkələnməyə başlayıb”.

N.Mirinin fikrincə, birqütblü dünya yaratmaq istəyən ABŞ-ın nüfuzuna elə zərbə deyib ki, bundan çıxış yolları hər gün Birləşmiş Ştatların dövlət strukturları və beyin mərkəzlərində müzakirə edilir:

“İsrail-Fələstin müharibəsi Bayden hakimiyyətini bitirmiş olacaq. Bu onların tabutuna vurulmuş son mismardır. İndiki məqamda İsrail ABŞ səviyyəsində dəstəklənməli deyildi. Birləşmiş Ştatların edəcəyi tək şey beynəlxalq hüquq çərçivəsində 1967-ci il sərhədlərinə əsasən paytaxtı Qüds olmaqla iki dövlətli çözüm planını həyata keçirmək üçün diplomatik-siyasi danışıqlar masasının yaradılmasına nail olmaqdır. ABŞ-ın etmədiyini bu gün Türkiyə reallaşdırmağa çalışır. Getdikcə rəsmi Ankaranın mövqeləri güclənəcək “.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: