Xəbər verdiyimiz kimi, Mark Libbi ABŞ-ın Azərbaycandakı yeni səfiri təyin olunub. Bu barədə ABŞ Senatının Mətbuat Xidmətinin X hesabında məlumat yayılıb. Bildirilib ki, Senat (Konqresin yuxarı palatası) səsvermə yolu ilə Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini təsdiqləyib.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, yeni səfirin təyinatı hər nə qədər müsbət hadisə olsa da ABŞ-ın Azərbaycana qarşı siyasətini dəyişəcəyini düşünmürəm:
“Məsələ ondadır ki, ABŞ səfirlərinin mövqeyi heç də həmişə müsbət olmayıb.
Əhəd Məmmədli
Misal üçün, torpaqlarımız işğaldan azad edildikdən sonra ölkəmizə akkreditə olunmuş əksər diplomatlar əraziyə səfər etdiyi halda ABŞ səfiri bu səfərə qatılmadı. Düzdür, bu onun şəxsi seçimi deyil.
Rəsmi Vaşinqton Azərbaycanın beynəlxalq hüquqla qəbul edilən ərazilərini tanıdığı halda yenə də işğaldan azad edilən ərazilərə diplomatik nümayəndəsini göndərmir. Bu da azmış kimi ABŞ Ermənistanla münasibətləri daha da yaxşılaşdırır.
Hesab edirəm, yeni səfir təyinatı mövcud ABŞ-Azərbaycan münasibətlərində dəyişiklik etməyəcək. Ümumiyyətlə mən bu qənaətdəyəm ki, ABŞ-la münasibətlər sistemində ciddi dəyişiklik etməliyik. Unutmamalıyıq ki, rəsmi Vaşinqton bizə Birinci Qarabağ müharibəsi zamanı embarqo tətbiq edən silah satışını qadağan edən ölkədir”.
Turan Rzayev
Globalinfo.az