Belə görünür ki, Zəngəzuru özünün “qırmızı xətti” elan etmiş molla rejimi bu dəhlizlə bağlı hər hansı hərəkətlilikdə hətta ən gözlənilməz addımlara əl ata bilər.
Globalinfo.az-ın xəbərinə görə, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə məsələ ilə bağlı bildirib ki, İranın Azərbaycana qarşı olduğu 2020-ci ildə 44 günlük müharibə zamanı daha açıq şəkildə ortaya çıxdı:
“Müharibədən sonrakı dövrdə isə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqla düşmənçiliyini davam etdirdi: ”Eyni davranışlar bu gün da davam etdirilir. Son vaxtlar Zəngəzur dəhlizinin açılması məsələsi müzakirəyə çıxarıldıqdan sonra İran və Ermənistan ittifaqı daha da aktivləşib. Artıq məlumatlar yayılıb ki, İran Zəngəzur dəhlizi keçəcək ərazinin üzərində PUA-larını qaldırıb. Ermənistan isə buna göz yummaqla İranın bölgədə “at oynatması”na faktiki şərait yaradır. İran son günlər daha da qabağa gedərək bəyan edir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanla qarşıdurma olacaqsa, Ermənistana hərbi dəstək verəcək, əraziyə hətta hərbi müdaxilə edəcək. Daha çox İran mətbuatında ayrı-ayrı ekspertlərin və jurnalistlərin vasitəsilə dilə gətirilən bu bəyanatlar İranın siyasi, hərbi dairələrinin mövqeyidir. Bu cür adamların vasitəsilə özlərinin çirkin niyyətlərini qabarıq şəkildə ifadə edirlər. İran SEPAH qüvvələrinin Ermənistanda yerləşdiriləcəyi barədə məsələnin ortaya atılması Azərbaycana və digər bir sıra dövlətlərə təhdiddir. İranın bəzi media orqanlarında hətta uzaqmənzilli raketlərlə Bakını vura biləcəkləri ilə bağlı bir neçə ay öncə yazılar getmişdi. Bunlar hamısı İran rejiminin Azərbaycana hədə-qorxularıdır. İran Ermənistan ərazisinə tank da, digər hərbi texnikalar da yeridə bilər. Amma belə olan halda Rusiyanın və ABŞ-ın və digər bir sıra dövlətlərin mövqeyinin necə olacağını da İrəvan və Tehran düşünməlidir. ABŞ Ermənistanla birlikdə hərbi təlim keçirmək istəyir. Belə bir vəziyyətdə ABŞ İranın hərbi qüvvələrinin də Ermənistanda yerləşməsinə göz yumacaq? Ermənistan bir-biri ilə düşmən olan dövlətlərin silahlı qüvvələrini öz ərazisində yerləşdirmək istəyirsə, bunun necə mümkün olacağı maraq doğurur. Bu, Ermənistan adlı oyuncaq dövlətin nə etdiyinin fərqində olmadığının göstəricisidir. Belə davam etsə, hətta istisna deyil ki, Ermənistan bir müstəqil dövlət kimi dünya siyasi xəritəsindən silinsin”.
Ç.Qənizadə sonda vurğuladı ki, İran Azərbaycana qarşı hər hansı hərbi addım atarsa qarşısında həm də Türkiyəni görəcək. Bunu Türkiyə də dəfələrlə bəyan edib. İran Zəngəzur dəhlizi məsələsində atmaq istədiyi addımları atmazdan öncə bu məqamı unutmamalıdır.