NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlinger Ermənistanı NATO-ya üzv olmağa dəvət edib. O, ABŞ lideri Co Baydenin bu məsələdə rəsmi İrəvanı müdafiə edəcəyini deyib.
Maraqlıdır, Ermənistanın NATO-ya üzvlüyü nə dərəcədə realdır? Bu baş versə, Rusiyanın münasibəti necə olacaq?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Ermənistanın indiki məqamda NATO-ya üzv olması mümkün deyil:
“Fehlingerin Ermənistanı NATO-ya üzv olmağa dəvət etməsi ciddi xəbərdir. Lakin bunun məntiqi əsasları yoxdur.
Birincisi, Ermənistan onsuz da bir hərbi alyansın – KTMT-nin üzvüdür. NATO nizamnaməsinə görə, başqa bir hərbi alyansa üzv ölkə təşkilata qoşula bilməz. Yəni Ermənistan əvvəlcə KTMT-ni tərk etməlidir.
İkincisi, NATO nizamnaməsinə görə, alyansa üzv olacaq ölkə müharibə vəziyyətində, habelə münaqişəli əraziləri olmamalıdır. Ermənistan faktiki olaraq 30 ildən artıq bir müddətdir Azərbaycanla müharibə vəziyyətindədir. Qarabağa, hətta Naxçıvana belə ərazi iddiaları var. Rəsmi İrəvan alyansa üzv olmaq üçün Azərbaycanla sülh müqaviləsi imzalamalı, ərazi iddialarından imtina etməlidir.
Üçüncüsü, bu gün Ermənistanda rus hərbi bazaları var. NATO ölkəsinin ərazisində başqa ölkəyə məxsus hərbi baza olmamalıdır. Yəni Ermənistan 102-ci hərbi baza daxil olmaqla bütün rus hərbi bazalarını, habelə hərbçi və texnikalarını ölkədən çıxarmalıdır”.
Politoloqun fikrincə, Türkiyə Ermənistanın NATO-ya üzvlüyünə qarşı çıxacaq:
“NATO üzvü olmaq düşünüldüyü qədər asan proses deyil. Ermənistanın NATO-ya üzvlüyünü heç də bütün alyans ölkələri istəməyəcək. Xüsusilə Türkiyə bu məsələdə etirazını bildirən ilk ölkə olacaq. Necə ki, Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı çıxdı, İrəvanla da belə olacaq.
Qabil Hüseynli
Türkiyə Ermənistana şərtini əvvəl də açıqlayıb. Azərbaycanla sülh əldə edilmədikcə, ərazi iddialarından əl çəkilmədikcə münasibətlər normallaşmayacaq. Bənzər tələbləri NATO-ya üzvlük məsələsində də irəli sürə bilər”.
Turan Rzayev
Globalinfo.az













