“Ermənistanın dağ-mədən sənayesi Cənubi Qafqaz regionunu ciddi ekoloji fəlakətlə üz-üzə qoyub”.
Globalinfo.az xəbər verir ki, bu fikir Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə bu ölkənin baş naziri Nikol Paşinyana ünvanladıqları açıq məktubda əksini tapıb.
Azərbaycan QHT-ləri beynəlxalq standart və prinsipləri nəzərə alaraq Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını ekologiya və səhiyyə sahəsində ixtisaslaşmış ekspertlər, Azərbaycanın bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyətləri təşkilatları üçün açılmasını, yerində müəssisələrə baxış keçirilməsini, qiymətləndirmə və monitorinq aparılmasını, müvafiq nümunələr götürülməsini, ölçmə işləri edilməsinə tam şərait yaradılmasını tələb edirlər.
“Biz Ermənistan hökumətini məsuliyyətli idarəetməyə, regionumuza, planetimizə təhlükə yaradan dağ-mədən sənayesindəki işləri dərhal dayandırmağa, region əhalisi üçün davamlı inkişafı, sağlam gələcəyi təmin edən qərarlar qəbul etməyə çağırırıq”, – məktubda bildirilib.