“Avtomobilin böyük kinetik enerjisi var və hərəkətdə olduğu müddətdə ciddi təhlükə mənbəyidir. Nəzarətsiz qalan avtomobil çox ağır nəticələrə səbəb olan qəzalara gətirib çıxara bilər”.
Bu sözləri Globalinfo.az-a nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Tiktokda canlı yayım açan sürücülərə müraciəti haqda danışarkən deyib.
O bildirib ki, fiziki yayınma zamanı sürücü diqqətini yoldan ayırır, ətrafda baş verənləri izləmir və avtomobil faktiki olaraq nəzarətsiz hərəkət edir:
“Digər tərəfdən, intellektual yayınma da mövcuddur. Sürücü gözünü yoldan ayırmasa belə, fikri sosial şəbəkələrdə paylaşdığı məlumatlara və ya apardığı yazışmalara yönələ bilər. Bu zaman o, gördüklərini qavramır və ya təhlükəni vaxtında dərk etmir. Nəticədə hadisənin qarşısını almaq üçün artıq gec olur və qəzalar baş verir”.
Ekspert qeyd edib ki, bu cür halların qarşısını almaq üçün ilk növbədə maarifləndirmə işləri gücləndirilməlidir:
“Sürücülərə diqqətin yayınmasının hansı təhlükələrə səbəb ola biləcəyi onların davranışlarına təsir edəcək formada izah olunmalıdır. Bununla yanaşı, müəyyən hüquqpozmalara görə cərimələrin tətbiqi də vacibdir. Çünki təcrübə göstərir ki, bütün sürücülər təhlükəni nəzərə almır və xəbərdarlıqlara əməl etmirlər”.
Ə.Hüseynov deyib ki, sürücünün sükan arxasında hərəkət zamanı telefonu əlində tutaraq istifadə etməsinə görə 50 manat cərimə nəzərdə tutulur:
“Milli Məclisdə müzakirə olunan qanun layihəsi qəbul edilərsə, bu qayda pozuntusunun yalnız yol polisi əməkdaşları tərəfindən deyil, nəzarət kameraları vasitəsilə də qeydə alınması mümkün olacaq. 50 manatlıq cərimə məbləğinin artırılmasına hazırda ehtiyac yoxdur. Əsas məsələ qayda pozuntularının qeydə alınması və cərimənin qaçılmazlığının təmin edilməsidir. 50 manat kifayət qədər ciddi və çəkindirici məbləğdir”.
Ekspert əlavə edib ki, gələcəkdə qanunvericiliyin təkmilləşdirilməsi zamanı dünya təcrübəsi də nəzərə alınmalıdır:
“Sükan arxasında mobil telefondan istifadə ilə yanaşı, sosial şəbəkələrdə canlı yayıma çıxmaq və müxtəlif məlumatları qəbul etmək üçün nəzərdə tutulan qurğulardan istifadə məsələsi də hüquqi baxımdan tənzimlənə bilər”.
Zaira Akifqızı
Globalinfo.az