Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri Ermənistan mediasında geniş müzakirələrə səbəb olub. Belə ki, 58 ölkənin nümayəndəsinin iştirak etdiyi səfər, xüsusilə Şuşadan yayılan görüntülər üç Qərb diplomatının – Fransanın Azərbaycandakı səfiri Sofi Laqut, ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun Ermənistanda hədəfə alınmasına səbəb olub.
Erməni mediasında bu diplomatların Azərbaycan ərazisində, o cümlədən Şuşada keçirilən tədbirlərdə iştirakı və səfər çərçivəsində yayılan görüntülər üzərindən müxtəlif fikirlər səsləndirilib. Bəzi şərhçilər bunu Qərb ölkələrinin Azərbaycanın ərazi bütövlüyü və regionda formalaşmış yeni reallıqla hesablaşmasının göstəricisi kimi təqdim ediblər.
Adıçəkilən üç diplomatın Ermənistanda hədəf alınmasının səbəbi nədir?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Fransa, ABŞ və Aİ təmsilçilərinin hədəfə alınması təsadüfi deyil:
“Ermənistan cəmiyyətində bu üç mərkəz uzun müddət Bakıya təzyiq göstərə biləcək əsas siyasi qüvvələr kimi təqdim olunub. Xüsusilə Fransanın açıq ermənipərəst mövqeyi, ABŞ və Aİ-nin isə erməni əhalinin hüquqları ilə bağlı əvvəlki bəyanatları onların Şuşaya səfərinə əlavə simvolik məna qazandırır.
Erməni şərhçilər həmin diplomatların Azərbaycanın suverenliyi çərçivəsində Şuşaya getməsini və səfərin rəsmi atmosferində iştirakını Qərbin Azərbaycanın yaratdığı yeni reallığı faktiki qəbul etməsi kimi qiymətləndirirlər”.
Politoloq bildirib ki, buna görə də əsas məqsəd Bakını tənqid etməkdən daha çox, Qərb dövlətlərini “Ermənistanı tək buraxmaqda” ittiham etmək və İrəvan hakimiyyətinə daxili təzyiq göstərməkdir:
“Belə reaksiyalar vasitəsilə cəmiyyətə “Ermənistan zəiflədikcə, hətta onun tərəfdaşı sayılan dövlətlər də Azərbaycanla münasibətləri üstün tutur” mesajı verilir.
Eyni zamanda, diplomatların Şuşadakı davranışlarının emosional şəkildə təqdim olunması Azərbaycanın suverenliyinin beynəlxalq səviyyədə qəbul edilməsini kölgə altına salmaq cəhdidir. Yəni hədəf zahirən Bakı olsa da, əsas narazılıq Qərbin postmünaqişə reallığı ilə praqmatik şəkildə hesablaşmasına və Ermənistan rəhbərliyinin bu prosesi dəyişdirə bilməməsinə yönəlib”.
Ləman İmran
Globalinfo.az