77a82317 7269 45ac 9b60 067b027f3588

Son günlər sosial şəbəkələrdə müğənnilər Damla və İradə Mehri arasında yaşanan qalmaqal müzakirələrə səbəb olub. Mübahisənin konkret səbəbi tam məlum olmasa da, paylaşımlarda bildirilir ki, Damlanın köməkçisi müğənni İradə Mehrini otel görüntülərini yaymaqla hədələyib.

Başqasına məxsus görüntülərin icazəsiz paylaşılması və ya bununla hədələnməsi hansı hüquqi məsuliyyət yaradır?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, tərəflər bir-birini heç bir halda təhdid etməməlidir:

“Təhdidlə bağlı məsələlərin sübut hesab olunub-olunmaması isə artıq məhkəmənin qiymətləndirəcəyi məsələdir. Qeyd edim ki, şəxsin bu şəkildə təhdid edilməsi Cinayət Məcəlləsinin 182-ci maddəsinin təsir dairəsinə düşə bilər. 182-ci maddənin dispozisiyasından da göründüyü kimi, hədə-qorxu ilə tələb etmə, yəni şəxsin özünə və ya yaxınlarına qarşı zor tətbiq ediləcəyi, onun haqqında rüsvayedici məlumatların yayılacağı, əmlakının tələf ediləcəyi və ya digər formada zərər vurulacağı hədəsi ilə hər hansı tələb irəli sürülməsi cinayət məsuliyyəti yarada bilər”.

Vəkilin sözlərinə görə, hədə-qorxu gələn şəxsin həbsi mümkündür:

“Belə əməllər Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Eyni zamanda, əməl daha ağırlaşdırıcı hallarda, o cümlədən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, zor tətbiq edilməklə və ya əmlak əldə etmək məqsədilə törədildikdə, daha ağır cəza nəzərdə tutulur və 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə tətbiq edilə bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: