seyahet

Yay mövsümünün yaxınlaşması səbəbindən xarici ölkələrə tur paketləri kəskin bahalaşıb. Ötən il 500-600 dollara (850-1020 manat) təklif olunan bəzi turların qiyməti bu il 1200-1300 dollara (2040-2210 manat) çatıb.

Globalinfo.az-a danışan turizm üzrə ekspert Əziz Şiriyev bildirib ki, bəzi ölkələrdə turizm xidmətlərinin qiymətlərində artım müşahidə olunur və bu, ilk növbədə iqtisadi amillərlə bağlıdır:

“Lakin istənilən halda insanların maliyyə imkanları və səyahət büdcəsi müəyyən həddə qədərdir. Əgər əvvəl insanlar daha tez-tez və daha rahat şəkildə istirahətə gedirdilərsə, indi də istirahət etmək istəyirlər, sadəcə olaraq istiqamət seçimində daha həssas davranırlar. Hazırda turistlər daha çox münasib qiymət təklif edən ölkələrə və kurortlara üstünlük verirlər. Bu, dəfələrlə müşahidə olunmuş və təsdiqini tapmış bir tendensiyadır. Məsələn, son dövrlərdə Türkiyənin bəzi məşhur turizm istiqamətlərinə -Antalya, Bodrum və Marmarisə marağın müəyyən qədər azalmasının əsas səbəblərindən biri qiymət artımları ilə bağlıdır. Nəticədə bir çox turist alternativ olaraq Misirə, xüsusilə Şarm əl-Şeyx istiqamətinə üstünlük verir”.

Eziz siriyev 1121

Əziz Şiriyev

Ə.Şiriyevin sözlərinə görə, məsələ hətta rəsmi səviyyədə də müzakirə olunub:

“Türkiyənin turizm sektoru nümayəndələri və aidiyyəti qurumlar dəfələrlə bildiriblər ki, qiymət siyasətinə yenidən baxılması və ölkənin rəqabət qabiliyyətinin artırılması vacibdir. Məqsəd turist axınının qorunması və yeni turistlərin cəlb edilməsidir. Digər tərəfdən, son aylarda hava şəraiti də mövsümə uyğun istirahətin tam şəkildə təşkilinə müəyyən maneələr yaradırdı. İnsanlar dənizkənarı istirahət imkanlarından istədikləri səviyyədə yararlana bilmirdilər. Lakin hazırda hava şəraitinin normallaşması ilə bu amilin təsiri azalır. Bununla belə, qiymət faktoru hələ də əsas rol oynayır. Hesab edirəm ki, yaxın dövrdə bir sıra turizm istiqamətlərində qiymət siyasətinə yenidən baxılacaq, daha sərfəli təkliflər hazırlanacaq və nəticədə həmin ölkələr daha çox turist cəlb edə biləcəklər”.

Turizm üzrə ekspert Cabir Dövlətzadə də deyib ki, son dövrlərdə turizm sektorunda nəzərəçarpacaq qiymət artımları müşahidə olunur:

“Bəzi istiqamətlər üzrə qiymət artımı 30 faizdən başlayaraq, hətta 100 faizə qədər yüksələ bilir. Hazırda qiymət artımına təsir göstərən əsas amillərdən biri enerji daşıyıcılarının bahalaşmasıdır. Yaxın Şərqdə, xüsusilə İran və İsrail arasında yaranmış gərginlik qlobal enerji bazarlarına ciddi təsir göstərir. Nəticədə neft və aviasiya yanacağı qiymətlərində artım müşahidə olunur ki, bu da birbaşa hava nəqliyyatı xərclərinə təsir edir”.

cabir dovletzade

Cabir Dövlətzadə

Ekspert qeyd edib ki, aviaşirkətlərin əməliyyat xərclərinin yüksəlməsi istər müntəzəm aviareyslərdə, istərsə də paket turların qiymətlərində öz əksini tapır:

“Bu səbəbdən bir çox istiqamətlər üzrə tur paketlərinin və aviabiletlərin qiymətlərində artım qeydə alınır. Mövcud tendensiyanın ilin sonuna qədər davam etməsi ehtimalı var. Ümid edək ki, geosiyasi gərginliyin azalması və enerji bazarlarında sabitliyin bərpası qiymətlərə də müsbət təsir göstərəcək”.

C.Dövlətzadə bildirib ki, digər mühüm amillərdən biri Azərbaycandan xarici ölkələrə həyata keçirilən aşağıbüdcəli (low-cost) aviareyslərin sayının məhdud olmasıdır:

“Əgər bazarda daha çox low-cost aviaşirkət fəaliyyət göstərsəydi, rəqabət mühiti güclənər, bu da həm aviabilet qiymətlərinə, həm də ümumilikdə turizm paketlərinin dəyərinə müsbət təsir göstərərdi. Rəqabətin artması xüsusilə büdcə seqmentində qiymətlərin daha əlçatan olmasına imkan yarada bilərdi”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: