
Ermənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulu üçün səsvermənin 2027-ci ildə keçirilə biləcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb.
Baş nazir bildirib ki, bu, ölkənin daxili islahatlar ilə bağlı uzunmüddətli planlarının bir hissəsidir:
“2018-ci il və 2020-ci ildən daxili siyasi gündəliyimizdə yeni Konstitusiyanın qəbulu məsələsi var. Biz xalqımıza yeni Konstitusiya təklif edəcəyik və 2027-ci ildə yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırırıq. 2026-cı ildəki növbəti parlament seçkiləri ilə paralel olaraq referendumun keçirilə biləcəyi ilə bağlı fikirlər var. Bu, regional və beynəlxalq əhəmiyyət kəsb etsə də, sırf bizim daxili gündəliyimizə aid məsələdir. Azərbaycan gündəliyə yeni məsələlər əlavə edə bilər, lakin bu o demək deyil ki, onların hamısı bizim üçün müzakirə obyektidir”, – o vurğulayıb.
Paşinyan ölkəsinin Azərbaycanla sülh müqaviləsi imzalaması üçün üçüncü tərəfin zəmanətinə ehtiyac olmadığını bildirib.
“2022-ci il sentyabr ayında baş verən hadisədən (Ermənistan-Azərbaycan sərhədində toqquşma – red.) sonra biz hələ də zəmanətçilər institutuna ciddi yanaşmalıyıq? Mən deyirəm ki, Ermənistanın təhlükəsizliyinin tək zəmanətçisi var və bu, Ermənistanın özüdür. O Ermənistan ki, regionda qonşuları arasında xarici kömək və xarici müdaxilə olmadan yaşamaq qabiliyyətinə malikdir”, – N.Paşinyan qeyd edib.