31 il sonra Laçına getdi, gördüklərindən şok oldu – tanınmış şair elə şeylər danışdı ki…

31 il öncə Laçın rayonu işğal olunmuşdu. 1992-ci ilin may ayının 18-də Azərbaycanın bu strateji rayonu ermənilərin intensiv hücumundan sonra təslim olmuşdu.

2020-ci ilin dekabrın 1-də Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış 10 noyabr bəyanatının bəndlərinə uyğun olaraq erməni hərbi birləşmələri Laçını tərk etdilər. Bu rayon Azərbaycana qaytarıldı.

Hazırda Laçında bərpa-quruculuq işləri aparılır. 28 il yurd-yuvasından didərgin düşmüş laçınlılar doğma torpağa qayıtmağa hazırlaşır. İndiyədək doğulduqları kəndlərə baş çəkən xeyli laçınlı olub. Amma laçınlılar birdəfəlik doğma torpaqlarına köçəcəkləri günü gözləyirlər. Həmin şəxslərdən biri də Laçın sakini, tanınmış şair İlham Qəhrəmandır.

Globalinfo.az şairlə müsahibəni təqdim edir:

– İlham bəy, son dəfə Laçında nə vaxt olmuşdunuz?

– Laçına ən son 17 may 1992-ci ildə xalam oğlu ilə getmişdim. Elə həmin günü gördüm ki, Qubadlıdan gələn yolda, Ağanus kənd meşəsinə erməni quldurları doluşaraq, Qubadlıdan Laçına gəldiyimiz yolu vururlar.

– Sizə tərəf atəş açırdılar?

– Bəli. Hətta bizim də avtomobilimizi vurmuşdular. Baxanda gördük ki, minaatanın qəlpəsi arxa qapıya dəyib.

– Evinizdən əşyaları çıxara bildiniz?

– Xeyr, heç nə götürə bilmədik. Evimiz çay kənarında yerləşirdi. Getdik ki, bəlkə mebellərdən nəsə çıxara bilərik, amma alınmadı. Çünki, bizim kəndi atəşə tuturdular. Həmin vaxt Laçın bazarı ətrafında olan evləri Gorusdan qrad qurğuları ilə vururdular. Təsəvvür edin, o yüksəklikdən bu yüksəkliyə qradla zərbə endirirdilər, zərbənin gücündən evlər yox olurdu. Bu mənzərə gözümün önündən getmir….

– Laçının işğal edilməsinin qarşısını almaq mümkün deyildi?

– Bilirsiniz, Xocalı hadisəsindən sonra Şuşa işğal olundu, qisas alınmadı deyə, rayon camaatında sanki qorxu hissi yarandı. Xocalıdakı soyqırımdan sonra fikirləşdilər ki, ermənilərin qarşısını ala biləcək qüvvə yoxdur və insanlar panikaya düşdülər. Amma etiraf etmək lazımdır ki, o zaman ordunun yetərincə silahı, hərbi texnikası yox idi. Rusiya bütün silahı Ermənistana ötürmüşdü. Nəticədə Azərbaycan torpaqları işğal olundu.

– Heç Laçına qayıdacağınıza inanırdınız?

– Bilirsiniz, ən çox nədən qorxurduq? Fikirləşirdik ki, bütün işğal olunmuş torpaqlarımız geri qayıtsa da, Laçını azad edə bilməyəcəyik. Lakin əsgərlərimiz igidlik göstərərək torpaqlarımızı azad etdilər. Elə düşünün ki, həmin qəhrəmanlar 44 gün ərzində Azərbaycanın açıq qalmış yaxasını bağlamış oldular. Allah şəhidlərimizə rəhmət eləsin, ölkə başçımıza və qazilərimizə sağ can versin. Laçının işğaldan azad olunması onların sayəsində möcüzə kimi oldu.

– Laçına, doğma kəndə qayıtmaq necə bir hissdir?

– Necə ki, 31 il öncə may ayının 17-si Laçından çıxmışdım, eləcə də 17 may 2023-cü ildə doğma Laçınımıza qayıtdım. Bu hissi sözlə ifadə etmək mümkün deyil.

– Eviniz 31 il öncə qoyub çıxdığınız kimi qalıb?

– İnanın, evimizi, tövləni elə söküblər ki, heç nə qalmayıb. Bizim 4 otaqlı böyük evimiz var idi. Həmin evi necə söküblərsə, bir daşı da yoxdur. Bu azmış kimi, bütün növ meyvə-giləmeyvə ağaclarını yox ediblər.

Həyətimizdə bir alma var idi, onu dərib 10 gün sandıqda saxlayırdıq, sandığı ilboyu nə vaxt açsaq, o almanın iyi gələrdi. Təəssüf ki, indi həyətimiz boşdur. Nə ev var, nə də o meyvə bağı….

– Sizə Laçının işğal xəbərini kim dedi?

– Laçının işğal xəbərini mayın 18-də televizordan eşitdik. Həmin vaxt ailəliklə Bərdə şəhərinə yığışmışdıq. İnanın ki, o xəbəri alanda uşaq kimi ağlayırdıq. Bu günümüzə çox şükür!

Düzdür, indi icazə ilə gəlirik. Amma gün gələcək, Laçın tam bərpa olduqdan sonra nəinki laçınlılar, hər bir Azərbaycan vətəndaşı rahat şəkildə doğma Laçınımıza gəlib-gedə biləcək.

Zaira Akifqızı
Globalinfo.az