Bakıya müharibə “elan edən” şəhər – Qan çanağından “sülh” bayrağına…

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və nümayəndə heyətimizin buna cavab olaraq fəaliyyətini qeyri-müəyyən vaxtadək dayandırması fonunda gərginlik davam edir. AŞPA-Bakı gərginliyi davam etdiyi bir zamanda sosial şəbəkələrin Azərbaycan seqmentində istifadəçilər təşkilatla bağlı müxtəlif axtarışlar edir. Sosial şəbəkə istifadəçilərinin ən çox axtardığı məlumatlardan biri də AŞPA-nın mənzil qərargahının harada olmasıdır.

Globalinfo.az Azərbaycanla diplomatik müharibə aparan AŞPA-nın mənzil qərargahının yerləşdiyi Strasburq şəhəri haqda maraqlı məlumatları təqdim edir.

Strasburq şəhərinin əsasını Roma İmperiyasının ilk imperatoru Oktavian Avqust (e.ə. 27 — eramızın 14-cü ilinə qədər hakimiyyətdə olub) qoyub. Şəhər buna qədər isə Kelt kəndi olub. Romalılar tərəfindən ələ keçirilən kənddə “Argentoratum” adlı qarnizon yerləşdirilib və beləliklə ilk dəfə hərbi şəhərcik statusu alıb.

5-ci əsrdə şəhər franklar tərəfindən ələ keçirilib və “Strateburgum” adlandırılıb. Şəhərin hazırkı adı da məhz bu addan törəyib. Şəhər tez-tez əldən-ələ keçdiyi üçün adının mənası da birdən çoxdur. “Yol qalası”, “Sərhəd şəhər”, “Körpü şəhər” ən çox işlənən mənalardandır.

Strasburq almanların mühasirəsində. 1870.

Şəhər ən çox Fransa və Almaniya arasında mübarizəyə şahid olub və iki ölkə müxtəlif vaxtlarda buraya sahib olub. Belə ki, 1681-ci ildə Almaniyanın mərkəzləşməməsi və dağınıq siyasi quruluşa malik olmasından istifadə edən Fransa şəhəri işğal edir. 1789-cu ildəki Fransa inqilabının təsiri ilə şəhər fransız mədəniyyətinin təsirinə düşür. Almanlar şəhəri nə az, nə çox – düz iki əsr sonra geri qaytara bilirlər.

Otto fon Bismark tərəfindən birləşdirilən və mərkəzləşmiş güclü ölkəyə çevrilən Almaniya 1870-ci il sentyabrın 1-2-də Sedan döyüşündə fransız ordusunu məğlub edib imperator III Napoleonun əsir alır. Məğlub Fransa sülh müqaviləsinin şərtlərindən biri kimi Strasburq şəhərini almanlara verməli olur. Beləliklə, 19-cu əsrin ikinci yarısında yenidən Almaniya İmperiyasının tərkibinə daxil edilən Strasburq Elzas-Lotaringiya əyalətinin paytaxtı olur.

Birinci Dünya müharibəsindən sonra, 1919-cu ildə Fransaya qaytarılan şəhər 1940-cı ildə – İkinci Dünya müharibəsində Almaniyaya keçir. Strasburq sonuncu dəfə 1944-cü ilin sonundan Fransanın hakimiyyəti altına girir və bu günə qədərdə fransız torpağı hesab edilir. Bununla belə, şəhərdə fransız və alman adətləri, memarlığı üslubu vəhdət halını alıb. Təsadüfi deyil ki, bu gün Strasburq hər iki ölkənin xalqlarının barışıq rəmzi sayılır və Avropa paytaxtı kimi qəbul olunur.

1979-cu ildə Avropa Parlamentinin fəaliyyətə başlaması ilə beynəlxalq status qazanan Strasburq Avropanın paytaxtı kimi tanınır. Şəhər Avropa Parlamentinin, Avropa Şurasının, Avropa Elm Fondunun və Avropa İnsan Hüquqları Məhkəməsinin qərargahı hesab olunur.

Turan Rzayev
Globalinfo.az