23 fevral nə günüdür? – Tarixçi alimdən və kommunistdən maraqlı cavab

Hər il ölkədə insanlar iki cəbhəyə bölünür. Bir tərəf 23 fevralı “kişilər günü” kimi qeyd etməyin tərəfdarlarıdır, digərləri isə həmin tarixdə sovet ordusunun Azərbaycanda törətdiyi hərbi cinayətləri yadlarına salanlar.

Bu günü azərbaycanlılar bayram kimi qeyd etməlidir, yoxsa yox?

Mövzunu Globalinfo.az-a şərh edən tarixçi alim Zaur Əliyev deyib ki, Rusiya işğalçı olaraq ələ keçirdiyi dövlətlərə bu tarixdə ağır zərbələr vurub.

O, 23 fevral 1918-ci ildə sovet və daşnak birliklərinin Türküstanda yaradılmış Kokand Muxtar Cümhuriyyətini ləğv etdiklərini xatırladıb:

“O zaman onminlərlə sıravi insanlar qanlarına qəltan edildilər. 23 fevral 1944-cü ildə çeçen və inquşlar ata-baba yurdlarından qoparılaraq toplu şəkildə Qazaxıstan çöllərinə sürgün edildilər. Vaynax xalqının bu faciəsi nəticəsində bir çox insan yolda və sürgündə həlak oldular. 23-26 fevral 1918-ci ildə Cənubi Azərbaycanın Urmiya ərazisində rus polkovnikin rəhbərliyi altında erməni, aysor və kürdlərdən ibarət dəstə azərbaycanlıların yaşadığı əraziyə hücum edərək soyqırımı həyata keçiriblər. Rusların başçılığı, İngiltərə və Amerikanın himayəsi altında olan ermənilər həmin gün beş mindən çox Urmiya sakinini vəhşicəsinə qətlə yetiriblər. Qırğının 1-ci günü Urmiya şəhərinin Əsgərxan məhəlləsi məhv edilib. İkinci gün gecə yarısı Çalbaş və Dikəli məhəllələrində top səsləri eşidilib, günahsız insanların çığırtısı qulaq batırırmış. Şəhərin mərkəzindəki Hacı Müstəşarın karvansarasına toplanan qatillər küçədən keçən hər kəsi öldürüblər. Bu imperiyanın əsarəti altında Azərbaycanın itirdikləri Çar Rusiyasının hakimiyyəti dövründə itirdiklərindən heç də az olmayıb. Həmin dövrlərdə Azərbaycanın sərvətləri talanıb, on minlərlə həmvətənimiz həlak olub”.

Zaur Əliyev

Tarixçi deyib ki, Azərbaycan neftinə sahib olan bolşevik hökuməti təşəkkürünü repressiya və qətllərlə bildirdi:

“Araşdırmalara görə, 1920-50-ci illərdə repressiya qurbanı olmuş azərbaycanlıların sayı 350 minə yaxındır. Yalnız 150 min həmvətənimiz Qazaxıstanda həlak olub. Rusiyanın cəlb olunduğu II Dünya müharibəsində də 300 min azərbaycanlı dünyasını dəyişib. Baxmayaraq ki, Rusiyanın xilasında azərbaycanlılar xüsusi rol oynayıb. Bakı nefti olmasaydı Rusiya qüdrətli dövlət ola bilməyəcəkdi və ən əsası II Dünya müharibəsində tamamilə məğlub olacaqdı. II Dünya müharibəsi zamanı və ümumiyyətlə, müharibə tarixində baş vermiş ən genişmiqyaslı (təqribən 2.2 milyon şəxsi heyət) və ən qanlı (1.7 milyon nəfər ölü, yaralı və itkin) döyüşlərdən biri hesab olunan Stalinqrad döyüşü barədə çoxumuz bilirik. 23 avqust 1942, 2 fevral 1943-cü ildə baş verən bu döyüşün taleyinin həll edilməsində azərbaycanlıların rolunu danmaq olmaz. Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərib. Təkcə 1600-dən artıq azərbaycanlı “Stalinqradın müdafiəsi uğrunda” medalı ilə təltif olunub. Vermaxtın xarici hərbi bölüklərindən biri də Azərbaycan legionu olub. Azərbaycan legionerlərinin başlıca qərargahı Polşa ərazisində yerləşirdi. Legionerlərin ümumi sayının 36 mindən 65-70 minədək olduğu göstərilməkdədir”.

Alimin sözlərinə görə, 1942-ci ilin payızından Polşa və Ukraynada formalaşmış legionerlərin döyüş taborlarından da Qafqaz və Stalinqrad ətrafındakı döyüşlərdə istifadə etdilər:

“Azərbaycanlılardan ibarət olan 804-cü tabor almanların 49-cu dağ korpusunun 4-cü dağ atıcı diviziyasına göndərildi. Stalinqradın müdafiəsi zamanı küçə, məhəllələrdə də döyüşlər gedib. Tədqiqatçı Xristofer Ailsbi, Vladislav Anders və bu sahədə ciddi tədqiqatları olan Antonio Munoz əsərlərində qeyd edirlər ki, iki əks cəbhədə xidmət edən azərbaycanlılar Stalinqradda üz-üzə gəlirlər. Alman ordusunda xidmət edən azərbaycanlılar onlara qarşı azərbaycanlılardan ibarət bölüyün olduğunu bilirdilər. Alman zabitlərinin əmrlərinə baxmayaraq, Vermaxtın əsgərləri olan azərbaycanlılar öz soydaşlarına güllə atmaq istəmirdilər. Əmrə tabe olmadıqlarına görə alman zabitləri azərbaycanlı əsgərləri güllələmişdilər. Buna baxmayaraq sona qədər öz qardaşlarına güllə atmaq istəməyən Vermaxtın zabitləri sonda azərbaycanlı diviziyanı Qafqazda Suxumi istiqamətindəki yüksək dağ rayonlarına göndərdilər. Bu diviziyanın geri çəkilməsi isə bir neçə əsas strateji yerlərin sovetlərin əlinə keçməsinə səbəb oldu ki, II Dünya müharibəsinin taleyinə ciddi təsir etdi. Stalinqrad sovetlər tərəfindən azad edilir. Bütün buna baxmayaraq Rusiya 200 minə qədər legioneri ölkəyə qayıtmağa izn vermir, neçə-neçə azərbaycanlı döyüşdən sonra vətən xaini kimi güllələnir, yüzlərlə azərbaycanlı haqqı olan adı və rütbəni ala bilmir. Bakı isə qəhrəman şəhərlər sırasına salınmır. Halbuki ermənilər alman ordusunun tərkibində krematoriyalarda yəhudi, rus və digər xalqları diri-diri yandırırdılar. Nijdenin faşist ordusunda killer olmasına dair yüzlərlə sənəd var. Nəticə nədir? Bu gün Rusiya onu xilas edən dövlətə və xalqa öz təşəkkürünü düşmənə dəstək olmaqla bildirir”.

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov 23 fevralın sadəcə, sovet ordusu və Hərbi Dəniz Donanması günü olduğunu bildirib:

Rauf Qurbanov

“Bu bayram keçmiş sovet respublikaları, o cümlədən də SSRİ-nin bütün ərazisində qeyd olunurdu. İndi Azərbaycan və digər 15 respublika öz müstəqilliyini əldə edib. Ona görə də, 23 fevral hazırda rəsmi olaraq bizim Respublikaya aid olmayan bayramdır. Özümüzün Hərbi Hava Qüvvələrinin yaranması günü var və bu, Azərbaycanın milli bayramıdır”.

R.Qurbanov deyib ki, əgər yaşlı adamlar nostalji hisslərlə 23 fevralı “kişilər günü” kimi qeyd edirsə, bunu anlamaq olar:

“Rəsmi olaraq 23 fevral Azərbaycanda “kişilər günü” kimi qeyd olunmur. İndi nə sovet ordusu var, nə də onun hərbi hava qüvvələri. Müstəqil dövlət olaraq bizim öz Milli Ordumuzun yarandığı gün var o da 26 iyun. Hesab edirəm ki, yaşlı nəslə bu məsələdə hörmətlə yanaşmaq olar. Əgər həmin şəxslər bir-birlərini təbrik edirlərsə, təbii məsələdir. Lakin 23 fevral “kişilər günü” Azərbaycan Respublikasının bayramı deyil”.

Zaira Akifqızı
Globalinfo.az