“Gedib “nakişilər günü” keçirsinlər” – Tarixçi alim od püskürdü

Hər il 23 fevral yaxınlaşanda Azərbaycan cəmiyyətində fərqli mövqelərə rast gəlinir. Bu təqvimi bayram kimi qeyd edənlər hələ də qalır. SSRİ dövründə sovet ordusunun və hərbi dəniz donanmasının yaranması 23 fevrala təsadüf edirdi. Rusiyaya qarşı cəmiyyətimizdə qəzəb və qınaq olmasına rəğmən azərbaycanlılar arasında 23 fevralı “kişilər günü”, “ordu günü” kimi qeyd edənlərə rast gəlmək mümkündür.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev deyib ki, 23 fevralı bayram kimi qeyd edənlər sovet ordusunun Azərbaycanda törətdiyi hərbi cinayətləri yadlarına salsınlar:

Zaur Əliyev

“Rus əsgərlərinin bizim xalqa, dünya xalqlarına etdiyini yazsam, minlərlə səhifə lazım olar. 23 fevralı “kişilər günü” kimi qeyd edən şəxslərin, görəsən, Şəhidlər Xiyabanına yolu düşür? 20 Yanvar, Xocalı, Daşaltı, Malıbəyli və digər faciələrimizi xatırlayırlar?! Son 30 ildə xalqımızın başına gələnlərin rus-sovet əsgərləri tərəfindən olduğunu bilmirlər? Hələ tarixi qoyaq kənara, 1988-ci ildən bəri baş verən bütün faciələrimizin kökündə rus-sovet dövləti durmurmu?

Ordumuzun yaranma tarixi var. Həmin tarixi daha da müqəddəsləşdirmək öz əlimizdədir. 23 fevraldan əvvəl 20 Yanvar, sonra 26 fevral, 2 aprel, 8 may, 18 may kimi tarixlər gəlir. Həmin tarixlərdə nə qədər şəhid, əlil olan, əsir düşən kişilərimiz var. 23 fevralı “kişilər günü” kimi qeyd etmək bunları görməzdən gəlməkdir!”

Z.Əliyev bu günü qeyd edən azərbaycanlılar haqda danışıb:

“Sovet ordusunda xidmət edən azərbaycanlıların əksəriyyəti tikinti-təmir-inzibati işlərdə xidmət ediblər. Çeçenlər kimi təyyarə, helikopter, tank, ağır texniki maşın sürmək, silahlardan istifadə etməyi öyrənmək əvəzinə təmir-tikintidə kərpic daşıyanlar hansı üzlə özlərini əsgər sayırlar?! Əsl əsgər 30 ildə yetişdi, Qarabağı tam azad etdi. Yoxsa sovet dövründə gedib taxta-kərpic daşıyanlar yox! 23 fevralı qeyd edənlərin çoxu bunu dərk etmir.

“Kişilər günü”nü ordu ilə bağlayırlarsa, o zaman 26 iyun tarixi nə günə durub?! Müstəqil Azərbaycan Respublikasının 26 iyun günü nəyə, kimə xidmət edir? Yaxud 8 noyabr Qələbə günümüz kişilər günü kimi də qeyd edilə bilər. Əgər bizim ordunun yaranmasını və Qələbə günümüzü kişilik günü olaraq yad etmək istəmirlərsə, getsinlər, 23 fevralda “nakişilik günü” qeyd etsinlər”.

Zaira Akifqızı
Globalinfo.az